Bışovetsi kim vurub: Tuayev, yoxsa Banişevski?
24.06.2009 - 14:48
Bışovetsi kim vurub: Tuayev, yoxsa Banişevski?
“Bışovetsdən xoşum gəlməsə də, onu döyməmişəm. Şəxsən mən ona zərbə vurmamışam. Bunu komanda yoldaşım Anatoli Banişevski edib”. Bu fikirləri apasport.az saytına açıqlamasında Azərbaycan milli komandasının sabiq baş məşqçisi Kazbek Tuayev edib.

Vaxtilə SSRİ yığmasında bir yerdə çıxış etdiyi Anatoli Bışovetslə münasibətlərinə bir daha toxunan 69 yaşlı veteran futbolçu bildirib ki, rusiyalını mərhum komanda yoldaşı Anatoli Banişevski vurub. Tuayevin sözlərinə görə, adaşlar yola getmirlərmiş: “Onların problemi vardı. Bışovets bic idi, Banişevskinin də buna görə ondan xoşu gəlmirdi. 1967-ci ilin oktyabrın 15-də Avstriyanın paytaxtı Vyanada oyunumuz vardı. Həmin vaxt mən, Banişevski və Bışovets SSRİ yığmasının heyətində Avstriya ilə rəsmi oyuna yollanmışdıq. Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən həmin görüşdə 0:1 hesabı ilə uduzduq. Oyundan sonra Banişevski Bışovetsin sifətinə iki zərbə vurdu. Mən bunun canlı şahidi oldum. Ancaq şəxsən mən Bışovetsə zərbə vurmadım. Sadəcə, məsələyə müdaxilə etdim və insidentin daha da böyüməsinə imkan vermədim. Bışovets Banişevskiyə cavab qaytarmadı və başını aşağı salıb, getdi”.

Qeyd edək ki, Tuayevlə Banişevski SSRİ yığması ilə yanaşı, “Neftçi”də də bir yer oynayıb və 1966-cı ildə ölkə çempionatının bürünc medalını qazanıblar.