“Karvan” və “Turan” Premyer Liqada qalacaq”
24.06.2009 - 16:28
“Karvan” və “Turan” Premyer Liqada qalacaq”
AFFA-nın baş katibi Elxan Məmmədovun apasport.az saytına müsahibəsi

- Premyer Liqanın növbəti mövsümünün startı ərəfəsində yenə arzuolunmaz xəbərlər yayılıb. Belə ki, maliyyə böhranı ucbatından “Karvan” və “Turan” klublarının çempionatda iştirak etməyəcəyi bildirilir. Bununla bağlı sizin fikirlərinizi də bilmək istərdik.
- Bizdə olan məlumata görə, “Karvan” Premyer Liqada çıxışını davam etdirəcək. Təbii ki, hər bir klub rəhbərliyi qərarı özü qəbul edir. Amma bizdə olan məlumata görə, “Karvan” Premyer Liqada iştirakdan imtina etmir və çempionatda qalacaq.

- Lakin Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev mətbuata açıqlamasında bildirib ki, “Karvan” rəsmiləri ilə əlaqə saxlayıb və klub gələn mövsüm yerli gənc futbolçularla I divizionda oynayacaq.
- Düzdür, belə fikirlər səsləndirilir. Ancaq hər şey rəsmi məktubdan asılıdır. AFFA və ya PFL-ə rəsmi məktub gəlməyibsə, bu o deməkdir ki, klub çıxışını davam etdirir. Bu iki quruma rəsmi müraciət göndəriləcəyi təqdirdə, mətbuata açıqlama veriləcək. Ümidvaram ki, “Karvan” Premyer Liqada qalacaq. Çünki bu komandanın gözəl bazası, stadionu, yaxşı komandası və fanatları var.

- Fakt budur ki, indi “Karvan”ın varlığından əsər-əlamət yoxdur. Komanda baş məşqçisizdir, futbolçuların hamısı dağılışıb. Rəhbərlikdən də heç kim mövcud durumla bağlı mətbuata açıqlama vermək marağında deyil.
- Təəssüf ki, belə vəziyyət yaranıb. Bəlkə də onlar klubda islahatlar aparırlar.

- Bəs “Turan”dan nə xəbər var?
- Eyni qaydada, bizdə olan məlumata görə, “Turan” da Premyer Liqada iştirak edəcək. Bəli, çox söz-söhbətlər gəzir ki, bu klubun maliyyə vəziyyət yaxşı deyil, çempionatda oynamayacaq. Ancaq inanırıq ki, maliyyə böhranı “Turan”a təsir göstərə bilməyəcək. Tovuzun böyük futbol ənənələri var.

- Tam əminliklə söyləmək olarmı ki, 2009/10 mövsümü 12 klubla keçiriləcək və iştirakçılar arasında heç bir dəyişiklik olmayacaq?
- Əminliklə demək olmaz. Ona görə ki, çempionat hələ başlamayıb. Qeydiyyat məsələləri yenicə start götürüb. Sadəcə, ümidvarıq ki, növbəti çempionatda 12 komanda mübarizə aparacaq.

- Premyer Liqanın 10 klubla keçiriləcəyi ehtimalı da yaranıb. Halbuki, AFFA 3 ay öncə iştirakçıların sayını 14-dən 12-yə azaldıb. Ola bilərmi ki, yeni sistem tətbiq olunmamış başqa bir reqlament - 10 klublu çempionat formatı reallaşdırılsın?
- Ola bilər. 10 klubla çempionat keçirmək zərurəti yaranarsa, PFL AFFA İcraiyyə Komitəsinə müraciət edəcək. Bundan sonra bu məsələyə baxılacaq və format təsdiqlənəcək.

- Sizcə, AFFA-nın Premyer Liqanın reqlamentini tez-tez dəyişdirməsi peşəkarlığa nə dərəcədə uyğun gəlir?
- Doğru deyirsiniz. PFL-in ötən il apardığı araşdırmalara əsasən, biz çempionatın 14 yox, 12 klubla keçirilməsini planlaşdırmışıq. Bu reqlamenti müsbət qarşılayırıq. Çünki 12 klub oynadığı halda, Premyer Liqanın səviyyəsi artır, həmçinin I divizionda iştirakçıların sayı çoxalır. 10 komanda söhbəti isə bizim və PFL-in qərarı deyil, bu, klubların qərarıdır. Məsələn, hər hansısa klub rəhbərliyi “maddi problemlər ucbatından gələn çempionatda oynayan bilməyəcəyik” açıqlamasını verir. Heyf ki, AFFA və ya PFL bu problemləri həll edə bilmir. Biz həmişə klubları dəstəkləməyə hazırıq. Ancaq assosiasiyanın onlara maliyyə yardımı göstərməsi qeyri-qanunidir. Hələlik son təsdiqlənmiş reqlamentə görə, 12 klublu çempionat keçiriləcək. PFL tərəfindən növbəti mövsümə hazırlıq işləri 12 komandalı sistemə uyğun aparılır.

- “Karvan”, yaxud “Turan” Premyer Liqadan imtina edəcəyi təqdirdə, 12-ci iştirakçı qismində MOİK, “Bakılı”, eləcə də I divizion təmsilçilərindən birinin yarışa qatılmaq ehtimalı varmı?
- Bu barədə heç nə deyə bilmərəm. Bunu zaman göstərəcək.

- Adətən çempionat ərəfəsində AFFA-nın konfransı və ya İcraiyyə Komitəsinin iclası keçirilir. Yaxın günlərdə belə tədbirin təşkili gözlənilirmi?
- Bildiyiniz kimi, AFFA-nın son konfransı martda olub. İndi hələlik İcraiyyə Komitəsinin iclasına, yaxud konfransa ehtiyac yoxdur. Təbii ki, ciddi məsələlərin müzakirəsinə, dəyişikliklərə zərurət olarsa, iclas keçiriləcək.

- Avrokuboklarda mübarizə aparacaq “Bakı”, “İnter”, “Simurq” və “Qarabağ”la bağlı proqnozunuzu bilmək istərdik. Hansı klublarımızın mərhələ adlayacağını düşünürsünüz?
- Proqnoz vermək çətindir. Bütün klublarımıza azarkeşlik edəcəyik, onlara ancaq və ancaq uğurlar arzulayıram. Müxtəlif fikirlər səslənir ki, asan rəqiblərlə, zəif komandalarla düşmüşük. Qeyd etmək istəyirəm ki, Avropada asan klub yoxdur. Bütün klublar güclüdür, o cümlədən Azərbaycan komandaları. Artıq bizim klublarla da oynamaq çətindir. Avrokuboklarda yarışacaq komandalarımıza uğurlar diləyirəm və Azərbaycanı layiqincə təmsil etmələrini arzulayıram.

- Yığmamızın baş məşqçisi Berti Foqts Bakıya nə vaxt qayıdacaq?
- İyulun axırlarında milli komandamız İsveçrədə təlim-məşq toplanışı keçirəcək. Hazırlıq prosesinin startı ərəfəsində Foqts Bakıya dönəcək. O, avrokubokların təqvimi müəyyənləşdikdən sonra köməkçiləri ilə məsləhətləşmələr aparacaq və ötən il olduğu kimi, klublarımızın oyunlarını izləyəcək.

- Avqustun 12-də milli komandamız dünya çempionatının seçmə mərhələsində Bakıda Almaniyanı qəbul edəcək. Qarşı tərəflə yazışmalara, danışıqlara başlamısınızmı?
- Səfərə dair bütün məsələləri hazırda almaniyalılarla müzakirə edirik. Biletlərin çapına başlanılıb. Çox güman ki, matçdan 1 ay öncə, yəni iyulun 12-də biletlər satışa çıxarılacaq. Yığmamızın Uels və İspaniya ilə keçirdiyi son ev oyunlarında olduğu kimi, bu dəfə də satış şəbəkə şəklində təşkil ediləcək. Azarkeşlər alış-veriş mərkəzlərində, AFFA-nın inzibati binasında, stadionun kassalarında və İnternet vasitəsilə bilet ala biləcəklər. Məqsədimiz odur ki, onlar biletləri müxtəlif yerlərdən daha rahat əldə etsinlər.

- Biletlərin çox erkən satışa çıxarılması yəqin ki, oyuna marağın böyük olması ilə əlaqədardır?
- Uelslə matçın biletləri də bir ay qabaq - mayın 6-da satışa çıxarılmışdı. İyunun 9-da İspaniya ilə keçirilən yoldaşlıq görüşünün biletləri isə mayın 15-dən etibarən satılırdı. Ümumiyyətlə, biz peşəkar idarəetmə strategiyasını seçmişik. Peşəkar idarəetmədə hər şey qabaqcadan olmalıdır. Biz də bunu AFFA-da yaratmağa çalışırıq. İnkişaf etmiş futbol ölkələrinin təcrübəsini nəzərə alsaq, biletlərin öncədən satışa çıxarılması məqsədəuyğun haldır.

- Azarkeşləri ən çox maraqlandıran məqamlardan biri də qiymətlərdir. Azərbaycan - Almaniya matçının biletləri neçəyə satılacaq?
- Biletlərin qiymətləri 2, 4, 6, 8 və 10 manatdır. VIP biletlər isə 50 manata satılacaq. Stadionun VIP lojasında 800 yer mövcuddur. Təəssüflər olsun ki, milli komandamızın ötən oyunlarında xoşagəlməz söhbətlər gəzirdi. Şayiələr buraxıldı, spekulyasiyalar baş verdi. Kimsə gəlir kassadan və ya AFFA-dan hər hansısa təşkilatın adına 100 bilet alır. Sonra küçələrdə, “qara bazar”da bu biletləri satır. Belə halların qarşısını ala bilməyimiz qeyri-mümkündür. Çünki həmin şəxs 100 bilet götürəndə, onun “qara bazar”ın nümayəndəsi olduğunu bilmirik. Təklif olunur ki, kimin şübhəsi varsa, biletləri AFFA-dan əldə etsin.

- Biletləri ucuz qiymətə satmaqla, Almaniya ilə qarşılaşmada stadionu tam doldurmaq məqsədi güdürsünüz?
- Bizim standartımız belədir. Milli komandanın rəsmi oyunlarında biletlər 2-10 manat arasında satılır. Xatırladım ki, Uelslə görüşdə də eyni qiymətlər idi. Bununla da, az gəlirli, orta gəlirli insanların da stadionlara gəlməsinə şərait yaradırıq. Biletlərə 2 manatdan ucuz qiymət qoymaq düzgün deyil. Yığmanın oyununa baxmaq istəyən hər bir azarkeş ən azı 2 manat xərcləməlidir. Almaniya ilə matçda da sərbəst girişlərə qadağa qoyulacaq. Əvvəllər oyunun fasiləsində qapılar açılırdı. Lakin FİFA və UEFA tövsiyəsi edir ki, təhlükəsizlik baxımından pulsuz girişlərə qadağa qoyulmalıdır. Məsləhət olunur ki, bütün biletlər satılsın. AFFA stadionda oyunu izləyənlərin sayı ilə bağlı sonradan FİFA və UEFA-ya hesabat verir. FİFA və UEFA-nın nümayəndəsi stadionda olarkən, azarkeşlərin sayını təxmini qeydiyyata alır. Buna görə də azarkeşlərin ən azı 2, ən çoxu 10 manat xərcləyib, stadiona gəlməsi vacibdir. Biz fanatlara bayram yaşatmaq üçün əlimizdən gələni əsirgəmirik. Almaniya ilə qarşılaşmadan öncə də şou proqram təşkil olunacaq.
0