Taavi Rahn: “Ekranas”la oyunadək “Neftçi”yə keçsəm, “Bakı”ya azarkeşlik edəcəyəm
24.06.2009 - 16:56
Taavi Rahn: “Ekranas”la oyunadək “Neftçi”yə keçsəm, “Bakı”ya azarkeşlik edəcəyəm
“Ekranas” – “Bakı” cütündə şansları bərabər sayıram. Düzdür, komandanızın oyununu görməmişəm. Ancaq “Ekranas” mənə yaxşı tanışdır”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Neftçi” klubuna baxışa gələn Estoniya yığmasının müdafiəçisi Taavi Rahn deyib.

Son iki ili Litvanın “Ekranas” klubunda keçirən 28 yaşlı futbolçu bildirib ki, “Bakı” haqda məlumatı azdır: “Yalnız onu bilirəm ki, komanda ötən mövsüm çempionu olub. Qışda “Birlik kuboku” turnirində “İnter”in oyununu gördüm. Güclü komandadır. “Bakı” bu klubu qabaqlayıb çempion olubsa, deməli, güclüdür və qızıl medallara layiqdir. “Ekranas”ın əsas üstünlüyü sabit heyətə malik olmasıdır. Komanda halında güclüdürlər, futbolçular uzun müddət bir yerdə oynayırlar. Ola bilsin ki, “Ekranas”a yeni futbolçular gəldi və uyğunlaşmağa vaxt lazım oldu. İstənilən halda, şanslar bərabərdir. Əgər “Ekranas”la oyunadək “Neftçi”yə keçsəm, onda “Bakı”ya azarkeşlik edəcəyəm”.

“Ekranas”ı tərk etməyə qərar verən Taavi vurğulayıb ki, özünü yeni ölkədə sınamaq istəyir: “Artıq iki ildir bu komandada oynayırdım. Müqaviləm də bitmək üzrədir. “Neftçi” variantı ortaya çıxanda bunu dəyərləndirməyi lazım bildim. Hesab edirəm ki, bu, çox yaxşı şansdır. Çünki “Neftçi” yaxşı ada, böyük tarixə malik klubdur. Üstəlik, yığmada bir yerdə oynadığım Dmitri Kruqlov da burada forma geyinir. Bundan əlavə, vaxtilə “Volın”da çıxış etdiyim dövrdə tanıdığım Samir Əliyev hazırda “Neftçi”nin hücumçusudur”.

Qeyd edək ki, Rahn Estoniya milli komandasında 42 oyun keçirib.
0