“Xəzər-Lənkəran”da iki yeni futbolçu
24.06.2009 - 18:01
“Xəzər-Lənkəran”da iki yeni futbolçu
“Xəzər-Lənkəran” mövsümlərarası fasilədə ilk transferlərini həyata keçirib. Apasport.az saytının məlumatına görə, Lənkəran təmsilçisi Bakının “Olimpik” klubunun gənc futbolçuları - qapıçı Zabit Səfərovla cinah yarımmüdafiəçisi Nizami Hacıyevlə müqavilə imzalayıb. Bunlar arasında olimpiya yığmasının da oynayan, Bakının “İnter” klubunun heyətində Azərbaycan çempionu olan 21 yaşlı Nizami daha tanınandır. Zabit isə hündür boyu (1,90 metr) ilə diqqət çəkir.

“Xəzər-Lənkəran”ın baş məşqçi postuna qayıdan Ağasəlim Mircavadov futbolçuları yeni mövsümə hazırlıq məqsədilə bu gün bir araya gətirib. Bakıda “Kayzer” otelində toplaşan komanda toplantı keçirdikdən sonra “Ədliyyə” stadionunda ilk məşqə çıxıb. Hazırda düşərgədə 15 futbolçu yer alıb. Bunlar yeni transferlər yanaşı, Dmitri Kramarenko, Kamran Ağayev, Ramiz Kərimov, Kostadin Cambazov, Radomir Todorov, Devran Ayhan, Rahid Əmirquliyev, Ceyhun Sultanov, Ruslan Poladov və “Karvan”da icarə müddəti başa çatmış Alim Qurbanovdur.

Ötən mövsümü “Xəzər-Lənkəran”ın əvəzedici heyətində keçirmiş üç gənc futbolçu da məşqlərə qatılacaq. Digər türkiyəli legionerlərdən Əhməd Dursun artıq Bakıda klub rəhbərliyi ilə danışıqlara gəldiyi halda, Fatih Sonkaya düşərgəyə sabah qoşulacaq.

Braziliyalı legionerlər və ötən mövsüm Premyer Liqamızın ən yaxşı bombardiri olmuş bolqar hücumçu İvan Svetkov isə birigün Bakıda olacaqlar. Futbolçuların iyunun 28-dək tibbi müayinədən keçməsi nəzərdə tutulub. Bu müddətdə hazırlığını “Ədliyyə” stadionunda edəcək komanda iyunun 29-da ertəsi Türkiyənin Bolu şəhərinə təlim-məşq toplanışına yollanacaq.
0