Valdas Trakis: “Bakı” klubundakı maliyyə “Ekranas”da olsaydı... - MÜSAHİBƏ
24.06.2009 - 23:00
Valdas Trakis: “Bakı” klubundakı maliyyə “Ekranas”da olsaydı... - MÜSAHİBƏ
“Bakı”nın Çempionlar Liqasında rəqibi olan Litvanın “Ekranas” klubunun hücumçusu Valdas Trakisin apasport.az saytına eksklüziv müsahibəsi

- Püşkün nəticəsinə əsasən, sizə yaxşı tanış olan “Bakı” klubu ilə qarşılaşacaqsınız. “Ekranas”ın heyətində Azərbaycanda oynamış yeganə futbolçu kimi fikirləriniz maraqlıdır...
- Necə deyərlər, püşkatma artıq baş verib və nəticəni dəyişmək olmaz. Püşkü internet vasitəsilə izləyirdim. Əlbəttə, “Bakı”nın adını çıxaranda, səbətdə 4-5 zəif komanda qalmışdı. Litvada Azərbaycan futbolu haqda böyük məlumat yoxdur. Milli komandanız da elə də güclü oynamır. Bütün bunları nəzərə alsaq, azarkeşlərimiz püşkün nəticəsini normal sayırlar. Ancaq mən futbolunuzun hansı səviyyədə olduğunu yaxşı bilirəm. Çünki imkan daxilində izləyirəm. Orda dostlarım, Litvadan, Baltikyanı ölkələrdən futbolçular çıxış edir.

- Belə çıxır ki, püşkü uğursuz sayırsınız?
- Hesab edirəm ki, bizim üçün çətin püşk oldu. “Bakı” yaxşı komandadır, yaxşı baş məşqçisi var. Heyətində yaxşı futbolçular cəmləşib. Əlbəttə ki, bizə çətin olacaq. Püşkatmanın gedişini nəzərə alsaq, təbii ki, nəticə bizim üçün uğursuz idi. Ancaq digər tərəfdən, “Bakı”dan qorxduğumuzu da deyə bilmərəm. Biz rəqibə hörmət edirik, ancaq ondan qorxmuruq.

- Rəqib kimi daha çox komandanı arzulayırdınız?
- Təbii ki, hamı asan rəqib gözləyirdi. Misal üçün, Farer adalarını göstərmək olar. Orada belə deyək ki, qeyri-peşəkar futbolçular çıxış edir. Püşk baxımından latviyalı qardaşlarımızın bəxti gətirdi. Onların bəxtinə Lüksemburqun “Düdelanj” klubu düşdü. İkinci mərhələyə asanlıqla çıxmaq üçün zəif komanda arzulayırdıq. Ancaq indi döyüşmək lazım gələcək. Çünki bizi “Bakı” ilə çətin sınaq gözləyir. Sözsüz ki, hava amilini də nəzərə almaq lazımdır. Axı iyulun axırına yaxın Bakıda hava çox isti olacaq.

- Şəxsən siz belə havaya adətkar olmalısınız. Hər halda, ölkəmizdə çıxış etmisiniz, Bakının “İnter” klubunun futbolçusu olmusunuz...
- Fikrimcə, belə havaya öyrəşmək olmaz. Yadımdadır, hətta “Bakı”nın futbolçularına, yerli oyunçulara belə istidə oynamaq asan deyildi. Əlbəttə, bizim də üstünlüklərimiz var. Bu, ilk növbədə çempionatla bağlıdır. Sizdə çempionat başa çatdığından, komandanız hazırda təlim-məşq toplanışındadır. Yəqin ki, yeni transferləriniz də olacaq. Onların komandaya uyğunlaşması üçünsə vaxt lazımdır. Fasilə olduğundan, “Bakı” “Ekranas”la görüşədək yalnız yoxlama oyunları ilə kifayətlənməyə məcburdur. Yəni, komandanızın yeni mövsümdə ilk rəsmi matçı bizimlə olacaq. Bizdə isə çempionat davam edir, hazırkı tsikldə həftədə iki oyun keçiririk. Kəsəsi, oyun praktikası sarıdan bir az üstünlüyümüz ola bilər.

- Bəs sizcə, “Bakı”nın “Ekranas” qarşısında hansı üstünlüyü var?
- Bunu dəqiq deyə bilmərəm. Mən “İnter”i qışda “Birlik kuboku”nun oyunları zamanı gördüm. “Bakı” onunla təxminən eyni səviyyədədir. Pula qalsa, bu baxımdan da üstünlüyü demək çətindir. Əsas odur ki, rəqibin yaxşı çalışdırıcısı və səviyyəli futbolçuları var. Elə fikirləşirəm ki, komandanız mütəşəkkil oyuna malikdir. İndi rəqibin necə oynaması, hansı taktiki sxemlə çıxış etməsi haqda məlumat toplamağa çalışacağıq.

- Bu işdə komandaya daha çox sizin köməyiniz dəyməlidir. Yəqin ki, “Bakı”, Azərbaycan futbolu ilə bağlı sizi sorğu-suala tuturlar...
- Elədir. Əslində, birlikdə məsləhətləşəcək, daha çox informasiya əldə edəcəyik. Bizdə də iki moldovalı futbolçu var və onların da köməyi dəyməlidir. Təəssüf ki, sizdə hazırda çempionat keçirilmir. Buna görə də “Bakı”nı iş başında görmək mümkün olmayacaq. Litvada isə çempionat davam etdiyindən, yəqin ki, “Bakı” nümayəndələri oyunumuza baxmağa gələcək. Həftəsonu evdə lider “Suduva” ilə matçımız var və yəqin ki, “Bakı” bizi iş başında görə biləcək. Avrokuboklarda ilk oyunu evdə, yaxud səfərdə keçirməyə gəlincə, bunun bizim üçün ciddi fərqi yoxdur. Hansının üstün olmasını demək çətindir. Ola bilsin ki, bəzi insanlara Azərbaycan klubu zəif görünür. Ola bilsin ki, sizə yuxarıdan aşağı baxırlar. Ancaq “Bakı”nın çox güclü rəqib olduğunu şəxsən mən yaxşı bilirəm. Şəxsən mən, elə hamımız da “Aktobe”, “Şerif” və “Bakı”nın düşməsini istəmirdik. Ancaq bu, gerçəkləşmədi və payımıza “Bakı” kimi güclü rəqib düşdü.

- “Bakı”nın imkanlı komanda olduğunu, futbolçularının yüksək məvacib aldığını demisiniz. Hətta bu klubun büdcəsinin 7-8 milyon dollar olduğunu bəyan etmisiniz...
- Əlbəttə ki, büdcəni təxminən demişəm. Amma dəqiq bilmirəm. Bunu haradan bilərəm ki? Sadəcə, düşünürəm ki, büdcələri təxminən bu qədər olar.

- Bəs sizin klubun büdcəsi nə qədərdir? Heç olmasa “Bakı”nın büdcəsinin yarısı qədər olar?
- Bu, artıq mənə aid olan sual deyil. Büdcəmizin nə qədər olduğunu bilmirəm. Təbii ki, bizdə belə pullar yoxdur. Ancaq bununla belə, biz ürəklə oynayacağıq. Keçəl il “Kaunas” çempionatda çox güclü olsa, “Reyncers” kimi klubu Çempionlar Liqasında mübarizədən kənarlaşdırsa da, onları üç dəfə məğlub edə bildik. “Kaunas” “Reyncers”i keçsə belə, biz komanda halında güclü idik. İndi heyətimizin çoxu litvalı futbolçulardan təşkil olunub. Həmin yerli, gənc oyunçular özlərini sübut etmək istəyirlər. Hətta onların arasında əsas, gənclər yığmasına namizəd olanlar da var. Üç legionerimiz qalıb. Belə götürəndə, estoniyalı futbolçu komandamızdan gedir.

- Dediyiniz estoniyalı müdafiəçi Taavi Rahn ölkəmizdə oynamaq istəyir, Bakının “Neftçi” klubuna baxışa gəlib...
- Yalnız onun getməyi haqda məlumatım vardı. Deyəsən, artıq burada oynamaq istəmir. Ola bilsin ki, “Bakı” ilə görüşə qədər heyətimizi gücləndirdik. Bunu dəqiq bilmirəm. Əlbəttə ki, pul baxımından “Bakı” ilə ayaqlaşa bilmərik. Ancaq sözsüz ki, futbolda pul hər şeyi həll etmir. Əsas meydanda ürəyini qoymaqdır. Eşitdiyimə görə, “Bakı” püşkün nəticəsindən razıdır. Bizi güclü rəqib saymır, bəxtlərinin gətirdiyini düşünürlər. Belə olan halda, rəqibdə istər-istəməz arxayınlaşma yaranacaq. Bu isə xeyrimizə olan amildir. Rəqibin arxayınlaşmasından yararlana bilərik.

- Çempionlar Liqasının ötən mövsümündə “Kaunas” “Reyncers” kimi güclü rəqibi yenməklə tarix yazdı. Həmyerlilərinizin bu uğurunu davam etdirə biləcəksinizmi?
- Belə istəyimiz var. Həmin vaxta “Kaunas” qrupa düşməyin bir addımlığında, üçüncü təsnifat mərhələsində mübarizəni dayandırdı. Biz də belə uğurlu çıxış etmək istəyirik və ən azı “Bakı”nı keçməyə çalışacağıq.

- “İnter”in heyətində “Bakı”ya qarşı oyunları necə xatırlayırsınız?
- Burda diqqətçəkən məqam odur ki, “İnter”in heyətində “Bakı”nı məğlub etməyə çox çalışsaq da, bu, istəyim alınmadı. Buna görə ümid edirəm ki, məndə “Bakı” üzərində qələbə qazanmaq “Ekranas”da alınacaq.

- Ümumiyyətlə, həmin vaxt “İnter”in “Bakı” ilə bağlı sindromu vardı. Keçmiş komandanız uzun müddət “Bakı”nı heç cürə məğlub edə bilmirdi...
- Bəli, bu, yadımdadır. “İnter”də oynadığım vaxtda görüşlərin birində 0:1 hesabı ilə uduzduq. İkinci dövrədə keçirilən bu oyun 3-cü yer uğrunda mübarizədə həlledici görüşlərdən biri idi. “Bakı” həmin matçda bizi hətta 10 nəfərlə məğlub edə bildi. Onların futbolçularından biri qırmızı vərəqə alaraq, meydandan çıxarılmışdı. “Ekranas” hələ Azərbaycan klubları ilə görüşməyib. Yəni, heç bir ənənə yoxdur. Ola bilsin ki, elə biz yaxşı ənənə ilə başladıq.

- Siz oynadığınız vaxtla müqayisədə “Bakı”nın heyətində çoxlu dəyişikliklər baş verib, baş məşqçisi də dəyişib. Rəqibin heyətində hansısa futbolçu yadınızda qalıbmı?
- “Bakı”nın heyətindəki dəyişiklərdən xəbərdaram. Bəzi futbolçular yadımdadır. Braziliyalı hücumçu Leandro Qomeş var idi. Yəqin ki, o, daha komandanın sıralarında deyil. Yarımmüdafiədə gürcü Amiran Mucirinin çıxış etdiyini bilirəm. O, mənim vaxtımda da “Bakı”da idi. Milli komandanızda da çıxış edən braziliyalı futbolçu var.

- Fabio Luis Ramimi nəzərdə tutursunuz...
- Hə, ona xüsusi diqqət yetirmək lazımdır. Bundan əlavə, “Bakı”nın müdafiəsində də milli üzvləri var. Bu, yığmanızın oyunçusu Saşa Yunisoğlu ilə Moldova millisinin üzvü Aleksey Savinovdur. Deyilənə görə, hücumda ucaboylu, yaxşı fiziki göstəricilərə malik braziliyalı oynayır. Bir də “Bakı”nın seneqallı qapıçısı, vaxtilə milli komandasında oynayan Xalidu Sissoko yadımdadır. O, çox xoşagəlməz qapıçı kimi xatirəmdə qalıb.

- Niyə?
- Çünki “Bakı” həmin görüşdə hesabda 1:0 irəli çıxandan sonra Sissoko haradasa 10 dəqiqə oyun vaxtımızı “oğurladı”. O, vaxtı ustalıqla yubatdı, əsl artistdir.

- Sissoko indi də “Bakı”dadır, sizə qarşı oynayacaq...
- Olsun, lap yaxşı.

- “İnter”in heyətində keçirdiyiniz bir ili uğurlu sayırsınızmı?
- Həmin dövrü xoş xatirələrlə yada salıram. Heç də pis olmadı. Sadəcə, nəsə alınmadı. Əsas problem zədə ilə bağlı oldu. İki dəfə ağır zədələnməyim nəticəsində mövsümün yarısını müalicə olundum. Bu səbəbdən potensialını tam aça bilmədim.

- Azərbaycanda keçirdiyiniz son oyunda “Şəfa” stadionunda qırmızı vərəqə alıb, komandanız azlıqda qoydunuz. “İnter” məhz bundan sonra sizinlə yollarını ayırdı...
- Doğrudur, bu da yaxşı yadımdadır. Onu demək istəyirəm ki, bu dəfə “Bakı” ilə görüşü əcnəbi hakimlər idarə edəcəklər. Çünki sizin hakimlər qəribə qərarlar qəbul edirlər. Həmin epizodda hakimə heç bir söz demədim. Ancaq həmin FİFA referisi mənə qırmızı vərəqə göstərib, meydandan çıxardı. Halbuki, rəqib oyunboyu ayaqlarıma vururdu. Ancaq baş hakim məni meydandan qovdu və bunun səbəbini indi də bilmirəm.

- Siz gedəndən sonra “İnter” Azərbaycan çempionu oldu, Çempionlar Liqasında mərhələ adladı, “Birlik kuboku”nda yarımfinaladək irəlilədi...
- Keçmiş komandamla indiyədək əlaqələrim var. Milan Zaqorats, Vladimir Levinlə ünsiyyət qururam. Komandanın idman direktoru Rüstəm Abdullayevlə yaxşı münasibətlərim var. Moskvada onlarla görüşdüm. Hətta “İnter”in masajçısı ilə axşamlar qəhvə içməyə gedirdik. Bir sözlə, hamı ilə yaxşı münasibətlərim qalıb.

- Yenidən Azərbaycanda oynamaq istərdiniz?
- Əlbəttə, niyə də yox? İndi Azərbaycanda çempionat güclüdür, böyük pullar qoyulur. Təklif gəlsə, buna baxmaq olar.

- “Ekranas”da “İnter”dən az qazanırsınız?
- Əlbəttə. İstənilən halda, Azərbaycana, Bakıya qayıtmaq mənim üçün xoş olacaq.

- Hazırda Litvada olan nümayəndələrimiz ən yaxşı futbolçuların məhz sizin komandada cəmləşdiyini qeyd edirlər. Yəni, siz yenə diqqət mərkəzinə düşə bilərsiniz...
- Bilirəm. Son oyunumuza “Qəbələ” klubunun nümayəndələri baxırdı. Bu, evdə “Tauras” klubunu 2:1 hesabı ilə yendiyimiz görüş idi.

- Sizcə, o vaxtkı “İnter”, yaxud “Bakı” indiki “Ekranas”dan güclüdürmü?
- Azərbaycandan qayıdandan sonra çoxlu sorğu-suala tutuldum. Çempionatınızın səviyyəsi, güclü olub-olmadığını soruşurdular. Heç bir yoxlama oyunu rəsmi görüşlə müqayisə oluna bilməz. Hamı Çempionlar Liqasında 100 yox, 150 faiz gücünü ortaya qoyacaq. Bax, onda hansı çempionatın, komandanın səviyyəsinin güclü olduğu üzə çıxacaq. Əlbəttə, “Bakı” maliyyə baxımdan üstündür və seleksiya, yaxşı futbolçu almaq baxımından yaxşı şansa malikdir. Bu, birmənalıdır. “Ekranas”da belə imkan olsaydı, biz də güclü futbolçular ala bilərdik.
0