Əhməd Dursun “Xəzər-Lənkəran”dan nə qədər pul istəyir?
24.06.2009 - 23:12
Əhməd Dursun “Xəzər-Lənkəran”dan nə qədər pul istəyir?
Ötən mövsüm “Xəzər-Lənkəran”da forma geyinən Əhməd Dursun Azərbaycana qayıdıb. Apasport.az saytının məlumatına görə, yay istirahətini başa vuraraq Bakıya dönən 32 yaşlı hücumçunun məqsədi gələcək karyerasına aydınlıq gətirməkdir.

Belə ki, lənkəranlılarla müqaviləsinin bitməsinə baxmayaraq, Dursun yeni klubla bağlı qərar verməzdən əvvəl sabiq rəhbərliyi ilə danışmağı zəruri sayıb. O, bu məqsədlə dünən "Palmali" Şirkətlər Qrupunun Bakıdakı ofisinə təşrif buyurub. Premyer Liqada keçirdiyi 12 oyuna 5 qol vuran türkiyəlinin məsələsinə həftəsonunadək aydınlıq gəlməlidir.

"Beşiktaş"ın sabiq forvardı 1 illik müqavilə qarşılığında aşağısı 600-700 min dollar istəyir ki, qarşı tərəf həmin məbləği ödəmək istəmir. Lənkəran təmsilçisinin prezidenti Mais Mənsimov bildirib ki, Əhmədi saxlamaq fikrindədirlər: "İndi danışıqlar gedir. Nəticəsi barədə danışmaq tezdir. İstəyirik ki, qalsın. Amma seçim onundur. Yaxın günlərdə bilinəcək ki, qalır, yoxsa gedir".

Mənsimovun sözlərinə görə, futbolçu komandada çıxış etdiyi müddətdə layiq olduğu pulu alıb. Ona deyiləndən az pul verilmədiyini söyləyən prezident narazılığın əsassız olmasına diqqət çəkib: "Klubumuzda maddi cəhətdən hər şey normaldır. Müqavilədə hansı şərtlər göstərilibsə, hamısı yerinə yetirilib. Heç bir futbolçu deyə bilməz ki, o, söz verilən pulu olmayıb".
0