Hafiz Məmmədov: Bəzi futbolçular süni surətdə qiymət qaldırırlar
24.06.2009 - 23:19
Hafiz Məmmədov: Bəzi futbolçular süni surətdə qiymət qaldırırlar
“Maliyyə böhranı bütün dünya futbolunda hiss olunur. Əlbəttə, bizə də müəyyən çətinliklər yaradır. Çalışırıq, bu mərhələni geridə qoyaq. Avropada uğurlu çıxış etmək istəyiriksə, komandanı gücləndirməliyik”. Bu sözləri apasport.az saytına “Bakı” klubunun prezidenti Hafiz Məmmədov deyib.

Səviyyəli futbolçuların ölkəmizə gəlmək istəməməyini bildirən Məmmədovun fikrini belə izah edib: “Çempionatımız o səviyyədə keçmir ki, onlar bura gəlib, nəsə etsinlər. Yavaş-yavaş bu da olacaq. Hələlik ki risk eləmirlər. Azərbaycanda oynayan bəzi futbolçular isə süni surətdə qiymət qaldırır. Elələri var, hər altı aydan bir klub dəyişir. Hansı klub daha çox pul verir, gedir ora. Bu da yaxşı hal deyil. Futbolçuda oynadığı komandaya istək olmalıdır”.

Yeni transferlərə gəlincə, Məmmədov vurğulayıb ki, bu barədə baş məşqçi ilə söhbətləşib: “Hacıyevskiyə də demişəm, komandada 24 futbolçu olsa, bəsdir. 4-5 səviyyəli futbolçu alacağıq. Yadınızdadırsa, qışda Tümər Mətini almaq istəyirdik. "Fənərbağça"dan ayrılandan sonra özü ilə danışıqlar aparmışdıq, elə oldu ki, "Larisa"ya keçdi. Tümər Yunanıstandan ayrılıb, Çempionlar Liqasında "Bakı"ya kömək etməyə hazırdır. Yenə danışıqlar gedir, bir neçə günə məsələ dəqiqləşməlidir. Türkiyə Superliqasından 2-3 futbolçuyla da söhbət gedir. Bu işləri vitse-prezident Tunc Afşar aparır. Demirəm ki, supertransferlər edəcəyik, amma elələrini alacağıq ki, Avropada bizə kömək etsin. "Ekranas"ı keçmək üçün bu transferləri etmirik. Onlar iki mərhələ üçün nəzərdə tutulub. Mən daim hücum edən, sürətli və texnikalı futbol oynayan "Bakı" görmək istəyirəm. Avropaya bu cür komandayla çıxmalıyıq. Keçən çempionatda birinci olsaq da, udduğumuz bəzi oyunlar oldu ki, göstərdiyimiz futboldan razı qalmadım. Uduzanda da, udanda da yaxşı futbol nümayiş etdirməlisən”.
0