“Simurq”: beşinci oyunda beş qol
25.06.2009 - 09:22
“Simurq”: beşinci oyunda beş qol
“Simurq” klubu növbəti yoxlama görüşü keçirib. Apasport.az saytının məlumatına görə, Gürcüstanda təlim-məşq toplanışını davam etdirən Zaqatala təmsilçisi “Tbilisi” ilə qarşılaşıb. Əvvəlki 4 yoxlama oyununda olduğu kimi, yenə "Lokomotiv" stadionunda oyuna çıxan “Simurq” rəqibini darmadağın edib – 5:0.

Gürcüstan çempionatının birinci divizion təmsilçisi "Tbilisi" ilə matçda zaqatalalıların hər qolunu bir futbolçu vurub. Valdimir Mazyar, Aleksandr Popoviç və Elşən Məmmədovla yanaşı, baxışda olan iki futbolçu da fərqlənib. Yeni futbolçuların seçimini davam etdirən “Simurq” baxışda olanların taleyinə böyük ölçüdə, iyunun 26-da aydınlıq gətirəcək. Həmin gün Zaqatala təmsilçisi Gürcüstanda keçirəcəyi sonuncu yoxlama görüşündə köhnə tanışı "Olimpi" ilə növbəti dəfə qarşılaşacaq.

Qeyd edək ki, Tiflisdə beş oyun keçirən “Simurq” yalnız iki dəfə məğlub olub. Hər iki halda da Pokoranın yetirmələrini sabahkı rəqibi “Olimpi” məyus edib – 1:2 və 2:3.
0