İspaniyanı hamının hesabdan sildiyi komanda dayandırdı
25.06.2009 - 09:27
İspaniyanı hamının hesabdan sildiyi komanda dayandırdı
Konfederasiyalar Kubokunun ilk yarımfinal oyunu keçirilib. Apasport.az saytının məlumatına görə, CAR-da keçirilən yarışın ilk finalçısı İspaniyanı məğlub edən ABŞ milli komandası olub.

Turnirin ən böyük sensasiyasına imza atan şimali amerikalılar hər hissədə bir qol vurmaqla, Avropa çempionunun bütün seriyalarına son qoyub. Ardıcıl 15 qələbə ilə dünya rekordçusu, 35 matçlıq məğlubiyyətsiz seriya ilə Braziliyanın göstəricisinə şərik olan pireneylilərin hücumçusu David Vilya 4 qarşılaşmadan ibarət seriyadan sonra ilk dəfə meydanı qolsuz tərk etdi. Bu, həm də Visente del Boskenin yığmadakı fəaliyyəti ərzində ilk qələbəsiz matç idi.

Konfederasiyalar Kubokuna ardıcıl iki məğlubiyyətlə başladıqdan sonra çoxlarının hesabdan sildiyi ABŞ ardıcıl ikinci görüşdə sensasiyanın müəllifi oldu. Heç kimin gözləmədiyi, özlərinin də inanmadığı vəziyyətdən yarımfinala adlayan Bob Bredlinin yetirmələri finaladək irəliləməyi də bacardı. Lakin turnir boyu intizamsızlığı ilə seçilən amerikalılar üçüncü dəfə oyunu azlıqda bitirməli oldu.

ABŞ-ın finaldakı rəqibi bu gün keçiriləcək Braziliya – CAR oyununda müəyyənləşəcək. Bu isə 2005-ci ildə olduğu kimi, yenə finalın avropalılarsız keçirilməsi deməkdir. O vaxt, Almaniyadakı turnirin finalında Braziliya Argentinanı 4:1 hesabı ilə məğlub etmişdi.

Qeyd edək ki, Konfederasiyalar Kubokunun ilk finalçısının turnirin tarixi ərzində ən yaxşı nəticəsi üçüncü yer idi. Şimali amerikalılar iki dəfə - 1992 və 1999-cu ildə bu uğura imza atmışdı.

Konfederasiyalar kuboku
Yarımfinal, 24 iyun


İspaniya - ABŞ - 0:2

Altidor, 27, Dempsi, 88
0