Dünya çempionu kuryoz hadisə ilə üzləşdi
25.06.2009 - 11:00
Dünya çempionu kuryoz hadisə ilə üzləşdi
Braziliyalı dünya çempionu Denilson Vyetnamda kuryoz hadisə ilə üzləşib. Apasport.az saytının məlumatına görə, 31 yaşlı hücumameylli yarımmüdafiəçi “Si Man Xay Fon” klubunda debüt oyununda qol vurub və ...komandadan ayrılıb.

Hələ ilk hissədə fərqlənən solaxay futbolçuda xroniki zədə yenidən baş qaldırdığından, o, ikinci hissədə meydana çıxa bilməyib. Bu ayın əvvəlində Vyetnam təmsilçisinə keçən Denilson beləcə, cəmi bir oyundan sonra getmək qərarına gəlib.

Hər halda, dünya çempionunun 45 dəqiqə üçün qazancı heç də pis olmayıb. Belə ki, Denilson 45 dəqiqə üçün 12 min avro qazanıb. Komandası ona ayda 50-60 min dollar məvacib ödəməyə razılıq vermişdi.

Qeyd edək ki, 2002-ci ildə Braziliya milli komandasının heyətində dünya çempionu tituluna yiyələnən Denilson daha çox rekordu ilə tanınır. Məsələ burasındadır ki, 1998-ci ilin yayında İspaniya “Betis”i onun transferi üçün Braziliyanın “San-Paulu” klubuna 50 milyon dollar ödəmişdi. Bununla da, Denilson həmin vaxt dünyanın ən bahalı futbolçusu olmuşdu.