Oleq Şelayev Azərbaycanda oynamaq istəmədi
25.06.2009 - 11:24
Oleq Şelayev Azərbaycanda oynamaq istəmədi
Ukrayna yığmasının futbolçusu Oleq Şelayev karyerasını Azərbaycanda davam etdirməyə razılıq verməyib. Apasport.az saytının məlumatına görə, 32 yaşlı yarımmüdafiəçi Xarkovun “Metallist” klubundan gələn təklifi dəyərləndirib.

Şelayev ötən mövsüm UEFA kubokunda inamlı çıxışı ilə yadda qalan “Metallist”in Lvov şəhəri yaxınlığında təlim-məşq toplanışına qoşulub. Valentin Xodukinin vaxtilə köməkçisi olduğu baş məşqçi Miron Markeviç təcrübəli futbolçunun xidmətində maraqlıdır. Ukraynanın yüksək liqasında 300-dən çox oyun keçirən Oleq üçün “Metallist” karyerasında 6-cı klub olacaq. O, buna qədər “Zarya”, “Şaxtyor”, “Metallurq”, “Dnepr” və “Krivbass” klublarında oynayıb.

Qeyd edək ki, Şelayevlə maraqlanan Zaqatalanın “Simurq” klubu onunla rəsmi müqavilə bağlamaq fikrində idi. Ancaq futbolçumuzun ölkəmizi Avroliqada təmsil edəcək bürünc mükafatçıya keçidi baş tutmadı. Şelayev, həmçinin Çempionlar Liqasında çıxış edəcək “Bakı” klubuna təklif olunmuşdu.