Svetoslav Stefanov: “Neftçi”də oynayanda da, MOİK haqda fikirləşirdim
25.06.2009 - 12:02
Svetoslav Stefanov: “Neftçi”də oynayanda da, MOİK haqda fikirləşirdim
“Həyatımın ən xoşbəxt həftəsini yaşayıram. Əvvəl ilk övladım Stella dünyaya gəldi, ardınca MOİK-lə müqavilə bağladım. Hələ heç qızımın üzünü doyunca görməmişəm. O həyat yoldaşım Virciniya ilə hələ xəstəxanadadır. Onları cəmi 20 dəiqəlik gördüm”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bakının “Neftçi” klubunun sabiq futbolçusu Svetoslav Stefanov-Petrov deyib.

Bolqarıstan MOİK-i ilə müqavilə bağlayan 31 yaşlı yarımmüdafiəçi həyatının ən xoş günlərini yaşayır. 2003-cü ildə bu komanda ilə ölkə çempionu olan bolqarıstanlı legioner “Neftçi”də oynadığı vaxtda da ürəyinin MOİK-lə döyündüyünü etiraf edib: “Hiss edirəm ki, MOİK mənim evimdir. Komandadan ayrı olduğum müddətdə geri qayıtmaq arzusu ilə yaşamışam. Lap uşaq yaşlarından arzularımın komandası MOİK olub. Bir vaxtlar çiyin-çiyinə oynadığımız Lyubomir Penevin rəhbərlik etdiyi komanda ilə iki illik müqavilə bağlamışam”.

Stefanov yaşının çoxluğuna, həmçinin keçmiş və gələcək karyerasına da toxunub: “Bəziləri üçün 31 yaş üstünlük, digərləri üçün qocalıb sıradan çıxmaq əlamətidir. Mən isə bu yaşda kifayət qədər təcrübə qazanmışam. Amma bu, o demək deyil ki, MOİK-in əsas heyətində yerim təmin olunub. İlk gündən etibarən hər məşq, hər oyunda buna layiq olduğumu göstərməliyəm. Bu yaşda yenidən Bolqarıstan yığmasında oynayacağıma da inanmıram. Təbii ki, milliyə dəvət alsam, özümü xoşbəxt hiss edərəm. Lakin mən realistəm və bilirəm ki, bu mümkün deyil. Klubumda 14 nömrəli formanı daşıyacağam. Bu nömrəni həmişə arzulamışam. “Neftçi” ilə müqaviləm bitəndə başqa heç bir klubdan təklif almamışdım. MOİK-in mənimlə maraqlandığını bildikdən sonra ala biləcəyim təkliflər haqda düşünmədim də”.

Qeyd edək ki, 2006-cı ilin yanvarından Bakının “Neftçi” klubunun üzvü olan Stefanov iki il yarım bakılılara məxsus olsa, bir müddət icarə əsasında Çində top qovub.