Emin Quliyev: Gedirik, deyirlər ki, gözlə, gözlə...
25.06.2009 - 12:21
Emin Quliyev: Gedirik, deyirlər ki, gözlə, gözlə...
“Vallah, gələcək karyeramla bağlı hələlik hansısa yenilik yoxdur”. Bunu apasport.az saytına açıqlamasında “Xəzər-Lənkəran” klubunun sabiq kapitanı Emin Quliyev deyib.

Ötən mövsümün ikinci dövrəsində sabiq baş məşqçi İqor Ponomaryov tərəfindən nizam-intizamsızlığa görə komandadan kənarlaşdırılan 32 yaşlı müdafiəçi müqavilə ilə hələ 1 il cənub təmsilçisinə məxsusdur. Ancaq “Xəzər-Lənkəran”ın prezidenti Mais Mənsimov açıqlamasında nə Emin, nə də digər sabiq kapitan Zaur Ramazanovla maraqlandıqlarını vurğulayıb: “Rəhbərliyin bu futbolçularla bağlı mövqeyi birmənalıdır. Onlar özlərinə başqa komanda tapmalıdırlar”. Quliyev isə Mənsimovun dediklərindən xəbərsiz olduğunu bildirib: “Lazım deyil? Bunu haçan deyib? Axı bizə söz deyən yoxdur. Gedirik, deyirlər ki, gözlə, gözlə... Bunu elə rəhbərlikdən deyirlər. Xəbər yoxdur”.

Quliyevin sözlərinə görə, başqa klublardan da dəvət almayıb: “Xəzər-Lənkəran” hazırlığa başlayıbsa, lap yaxşı. Onlara uğurlar arzulayıram. Hələ başqa variantlar yoxdur. Bir şey olsa, sizə xəbər edərik. İndi əsəblərim yerində deyil, sonra danışarıq”.

Qeyd edək ki, 2005-ci ildən “Xəzər-Lənkəran”da forma geyinən Emin bu komanda ilə Azərbaycan çempionluğu, “Birlik kuboku” və 2 dəfə ölkə kubokunu qazanıb.