“Muğan” 7 futbolçu transfer etdi
25.06.2009 - 15:26
“Muğan” 7 futbolçu transfer etdi
Salyanın “Muğan” klubu 7 futbolçunun keçidini həll edib. Komandanın vitse-prezidenti Bəhruz Şirəliyev apasport.az saytına açıqlamasında anlaşdıqları yeni futbolçulardan 4-ün yerli, 3-ün əcnəbi olduğunu bildirib.

Onun sözlərinə görə, yeni futbolçularla bir illik müqavilə imzalanıb: “Yerli transferlərimiz Vüsal Hüseynov, Rəşad Kərimov, Arif İsayev və Anar Həsənovdur. Legionerlərdən ikisi yeni baş məşqçimiz Kemal Alispahiçin tanıdıqları futbolçulardır. Bunlar bosniyalılar - qapıçı Edis Kurtoviçlə hücumçu Edis Çulovdur. Kurtoviçin 28, Çulovun 21 yaşı var. Hər ikisi yüksək liqada oynamış futbolçulardır. Yeni çalışdırıcımızla birgə gələn serb müdafiəçi Miloş Zetseviçin də keçidini rəsmiləşdirmişik. Komandamız Salyanda hazırlığını davam etdirir. Yenə transferlərimizin olacağı gözlənilir”.

Milli komandamızın sabiq futbolçusu olan Vüsal ötən mövsüm “Turan”, Rəşadla Anar “Karvan”, Arif “Simurq”da oynayıb. Həsənov və Kərimovla “Karvan”da birgə oynamış müdafiəçi Ruslan Qafitullin “Muğan”da da komanda yoldaşı olacaq. “Muğan” buna qədər “Qarabağ”ın sabiq müdafiəçiləri Hüseyn İsgəndərov və Mamaduba Soumahı da transfer etmişdi.