Futbolçularımız “Fənərbaxça”nın bazasında məşq edəcəklər
25.06.2009 - 15:40
Futbolçularımız “Fənərbaxça”nın bazasında məşq edəcəklər
AFFA və Türkiyənin “Fənərbaxça” klubunun rəhbərlikləri arasında Azərbaycanda uşaq futbolunun inkişafı ilə bağlı aparılan danışıqlar müsbət nəticələnib. Apasport.az-ın assosiasiyanın rəsmi İnternet saytına istinadən məlumatına görə, “Akademiya” iyulun ortalarından etibarən “Fənərbaxça”nın İstanbuldakı bazasında yaşayaraq, məşq edəcək.

Türkiyəyə 23 futbolçu aparılacaq: Qurbanəli Əliyev, Adil Nağıyev, Coşqun Diniyev, Fuad İslamzadə, Rauf Əliyev, Seyidrazi Ağayev, Mənsur Nəhavəndi (hamısı “İnter”), Eyyub Əliyev, Əmrəli Quliyev, Pərviz Qaraxanlı, Ravil Məmmədov (hamısı “Neftçi” PFK), Namiq Ələsgərov, Rauf Məmmədov, Yusif Bağırov, Ülvi Süleymanov (hamısı “Bakı”), Anar Babayev, Vahid Quliyev (hər ikisi “Neftçi” İSM), Elşad Quliyev, Sadiq Quliyev, Turqut Əlizadə (hamısı “MKT-Araz”), Budaq Nəsirov (“Turan”), Kənan Manaflı və Elnur Süleymanov (hər ikisi “Xudafərin”).

Hər hansı uşağın valideyni övladının qardaş ölkəyə getməsinə etiraz edərsə, onda həmin futbolçunun əvəzinə başqası komandanın heyətinə cəlb olunacaq. Məşqçilik bacarığının artırılması və komandaya nəzarət etmək məqsədilə AFFA-nın seleksiyaçı-məşqçisi Təbriz Həsənov da yığma ilə birlikdə İstanbula yollanacaq. “Fənərbaxça”nın bazasındakı məşqlərdən sonra daha perspektivli uşaqların burada uzun müddətə qalması və peşəkarlığını artırması planlaşdırılıb.