Raykaardın “Qalatasaray”da islahatları və qadağaları
25.06.2009 - 15:50
Raykaardın “Qalatasaray”da islahatları və qadağaları
“Qalatasaray” klubunun yeni baş məşqçisi Frank Raykaard islahatlara başlayıb. Apasport.az saytının məlumatına görə, 47 yaşlı hollandiyalı mütəxəssis komandada dəmir nizam-intizam yaratmağı qarşısına məqsəd qoyub. Futbolçularla ayrılıqda görüşən mütəxəssis onlara tələblərini çatdırıb, nizam-intizam məsələlərində güzəştə getməyəcəyini bəyan edib. Raykaardın qoyduğu qanunlar bunlardır:

1. Futbolçular səhər 8-də Floryadakı bazaya gəlib (səhər idmanı varsa) ən gec 9-dək səhər yeməklərini etmiş olacaq.

2. Əgər həmin gün iki məşq varsa, futbolçu məşqlər arasında qəti olaraq bazadan kənara çıxa bilməz və iki saat yatmaları məcburidir.

3. Təlim-məşq toplanışında bazaya kənar adam girə bilməz. Hətta futbolçuların istirahət saatlarında bazada çalışanların belə binaya girməsinə artıq qadağa qoyulub.

4. Bazada qalan futbolçuların dönüş saatı ən geci saat 00:00-dır. Bu saatdan sonra gələnlər isə qəti olaraq içəri buraxılmayacaq.

5. Futbolçular gecə 12-dən sonra bir-birlərinin otaqlarına gələ bilməzlər. Almaniyalı sabiq baş məşqçi Mixael Skibbenin dövründə futbolçular məşqə 5 dəqiqə qalmış gəlib meydana çıxarlarmış. Gündə iki hazırlıq prosesi olduğu zaman isə məşqlər arasında istədikləri kimi bazadan kənara çıxa bilirlərmiş.

Qeyd edək ki, “Qalatasaray”ın baş məşqçi postunda Bülənt Korkmazı əvəzləyən Raykaard 2006-cı ildə “Barselona” klubunun sükanı arxasında Çempionlar Liqasını qazanıb.