Aslan Kərimovun yeni komandası
25.06.2009 - 17:01
Aslan Kərimovun yeni komandası
“Bakıdakı hazırlığı da nəzərə alsaq, 10 gündür bir yerdəyik. Yeni komandamız var”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ” klubunun futbolçusu Aslan Kərimov deyib.

Hazırda Türkiyədə təlim-məşq toplanışında olan ağdamlıların 36 yaşlı kapitanı heyətdəki islahatların faydalı olacağını düşünür: “Gəncləşmiş komandamız bu il daha təhlükəli olacaq. Onların əksəriyyəti uğura acdır. Ona görə də, özlərini sübut etmək üçün əllərinə əla şans düşüb. Komandanın, xüsusilə də gənc heyətin kapitanı kimi üzərimə xüsusi məsuliyyət düşdüyünü bilirəm. Amma ilk gündən əla kollektivimizin olması məni sevindirir”.

Avropa Liqasının püşkatmasının nəticələrini o qədər də uğursuz saymayan Aslan Norveçin “Rusenborq” və Farer adalarının “Runavik” klubları arasındakı qarşılaşmaların qalibi ilə görüşməkdən də çəkinmir: “Hər kəs məşqlərdə canla-başla çalışır. Belə davam etsək çempionatda ciddi şeylərə nail ola biləcəyik. Təbii ki, ilk olaraq “Rusenborq”u fikirləşirik. Norveçlilər nə qədər güclü olsa da, bu futboldur. Kim deyə bilərdi ki, ABŞ İspaniyanı məğlub edə biləcək? Uğura gedən yol çalışmaqdan keçir. İnşallah, Avropa Liqasında özümüzü sübut edərik. Təcrübəmin burda faydası olub-olmayacağını zaman göstərəcək. Təbii ki, əlimdən gələnin ən yaxşısını etməyə çalışacam”.