“Məgər kiminsə qapısı ağzında yatmışam ki?”
25.06.2009 - 23:00
“Məgər kiminsə qapısı ağzında yatmışam ki?”
Ağdamın “Qarabağ” klubunun hücumçusu Zaur Ramazanovun apasport.az saytına müsahibəsi

- Komandanıza artıq bir neçə gündür Türkiyədə təlim-məşq toplanışında olsa da, siz hələ Bakıdasınız...
- Burda qalmağım yalnız səhhətimdə yaranan problemlə bağlıdır. İki həftədir qızdırma içərisindəyəm. Bədənimdə səpkilər yaranıb. Deyəsən, qızılcadır. Həkim müayinəsindən keçmişəm. Hətta komandamızın həkimi də mənə baş çəkib. Lazım olan dərmanları yazıblar, müalicə olunuram.

- Türkiyəyə nə vaxt yollanıb, “Qarabağ”ın hazırlığına qatılacaqsınız?
- İnşallah, gələn həftə. Bakıdan Ankaraya, ordan da komandamız hazırlıq keçdiyi Qızılcahamama yollanacağam. Əslində, indi də ciddi problemim yoxdur, demək olar ki, özümü yaxşı hiss edirəm. Sadəcə, xeyli vaxtdır xəstə olmağım məni taqətdən salıb. Gərək yaxşı qidalanıb, özümdə güc toplayım.

- Futbolçu komandadan ayrılanda istər-istəməz şübhələr yaranır. Belə söz-söhbətlər gəzir ki, nəyisə bəhanə edir...
- Heç bir bəhanədən söhbət gedə bilməz. Mən “Qarabağ”ın futbolçusuyam. Bu klubla hələ iki illik müqaviləm var. Hazırda komandanın düşərgəsində olmamağımın səbəbini də izah etdim. Başqa hansısa problem yoxdur.

- Ağasəlim Mircavadov “Xəzər-Lənkəran”ın baş məşqçi postuna qayıdandan sonra sabiq futbolçuların, o cümlədən sizinlə Emin Quliyevin də qaytarılacağı deyilir...
- Ağasəlim müəllim də bilir ki, mən “Qarabağ”ın futbolçusuyam, bu klubla müqaviləm var. Rəhbərlik kimi məsləhət bilsə, onu da alacaq.

- Mircavadov sizə dəvət göndərsəydi, bunu gizlətməzdiniz?
- Əlbəttə yox. Bir şey olsaydı, deyərdim. Burda gizlədiləsi nə var ki? Beş gün o yana, beş gün bu yana. Bir şey olsa, onsuz da bilinəcək. İndi durub səndən nəsə gizlətsəm, kimsə mənə ağıllı, yaxud dəli deyəcək?

- “Xəzər-Lənkəran”ın prezidenti Mais Mənsimov da açıqlamasında bildirib ki, Eminlə Zaurun qayıdışı gündəmə deyil.
- O, nəyə əsasən belə deyirsə, bunu başa düşmürəm. Bəyəm Zaur kiminsə qapısında yatıb ki, onu qayıdışından danışasan? Ola bilər ki, kimsə mənimlə bağlı Mais müəllimə sual verib və o da bunu cavablandırıb. Yoxsa Zaur Zaurdur, geri qayıtmağımla bağlı heç kimə müraciət etməmişəm. Özünüz də bilirsiniz ki, “Xəzər-Lənkəran”dan getməyim yalnız öz istəyimlə bağlı olub.

- Yəni, ötən yay Mircavadov “Xəzər-Lənkəran”dan getdiyi üçün siz də Mahir Şükürovla birgə komandanı tərk etdiniz.
- Bəli. Ağasəlim müəllimə görə biz də getmişik.

- Amma Mircavadov artıq “Xəzər-Lənkəran”ın sükanı arxasına qayıtdı.
- Mənimsə “Qarabağ”la müqaviləm var. Burda nə var ki? Mahir də “İnter”də getdi.

- Bəs müqavilə olmasaydı, yəni, sərbəst futbolçu olsaydınız, Lənkərana qayıtmaq istərdiniz? Hər halda, bu komandada oyununuz çox yaxşı alınmışdı...
- Ona qalsa, mənim oyunum Yevlaxda da yaxşı alınmışdı. Belə çıxır ki, “Karvan”a qayıtmalıyam?

- Söhbət “Karvan”dan yox, “Xəzər-Lənkəran”dan gedir. İddiasız komandaya çevrilən Yevlax təmsilçisinin gələcək taleyi sual altındadır, ortada bir şey yoxdur.
- Məgər “Xəzər-Lənkəran”da nəsə var ki?

- Hər halda, “Xəzər-Lənkəran” iddialıdır, “Karvan”ın isə Premyer Liqada oynayacağı hələ dəqiq bilinmir...
- Dildə belə ola bilər...

- Adətən futbolçularımız bir illik müqavilə bağlamağa üstünlük verirlər. Siz isə müqaviləniz hələ bitmədiyi halda, daha iki il uzatdınız. Buna görə peşmançılıq yoxdur ki?
- Yox. Müqaviləni uzatmışam, heç bir problem də yoxdur. Əgər ürəyimcə olmasaydı, 3 illik müqavilə bağlamazdım. Yəni, “Qarabağ”la anlaşmanın şərtləri sərf etdiyi üçün bu müddətə imza atmışam.

- Amma razılaşın ki, “Xəzər-Lənkəran”da oyununuz daha yaxşı alınırdı.
- Qardaş, “Xəzər-Lənkəran” söhbəti yoxdur. Mənim “Qarabağ”la iki illik müqaviləm var. Nə olsun ki, “Xəzər-Lənkəran”da oyunum yaxşı alınıb? Yevlaxda da bombardir olmuşam da...

- “Qarabağ”ı Avroliqada çətin sınaq gözləyir. Yəqin ki, rəqibiniz güclü “Rusenborq” klubu olacaq. Komandanın liderlərindən biri kimi, püşkə münasibətiniz necədir?
- Nə deyim? Mərhələ keçmək üçün əlimizdən gələni edəcəyik. “Rusenborq”la görüşdə nə bacarırıqsa, onu ortaya qoyacağıq. Azərbaycanda həmişə belə olub. Deyirlər ki, inkişaf belə gəldi, belə getdi. Bunlar hamısı boş şeydir. Nə bacarırıqsa, onu da edəcəyik. Azərbaycanı yaxşı mənada tanıtmaq üçün əlimizdən gələni əsirgəməyəcəyik.

- Hər halda, püşk sizin komanda üçün uğursuz oldu. Klublarımız arasında ən çətin rəqib sizə düşdü...
- Hansısa komanda avrokuboklara çıxıbsa, deməli, güclüdür. Rəqib heç vaxt zəif olmur. Elə bilirsiniz ki, “Bakı”ya, başqa komandamıza zəif rəqib düşüb? Buna baxarsınız, zaman hər şey göstərəcək.

- Adətən hücumçudan hamı ilk növbədə qol gözləyir. “Rusenborq” kimi kluba qol vurmağa özünüzdə güc hiss edirsinizmi?
- İnşallah, komandama belə çətin sınaqda kömək edərəm. Bunun üçün əlimizdən gələni edəcəyik.

- “Qarabağ” ölkə kubokunu qazanması münasibətilə keçirdiyi tədbirə qatılmadınız. Bəs bunun səbəbi nə idi?
- Mən onda Bakıda deyildim.

- Bəlkə belə tədbirlərdə iştirak etməyi xoşlamırsınız?
- Yox-yox. Sadəcə, həmin vaxta Bakıda deyildim. Tədbirin olacağını bilirdim və icazə almışdım.

- Yəni, rəhbərliyin sizin transferə çıxarması ilə bağlı qeyri-rəsmi xəbərlər doğru deyil?
- Elə bir şey yoxdur. Transferə çıxarılmamışam. Mənə inanmırsınızsa, “Qarabağ”dan maraqlanıb, soruşa bilərsiniz.