Hafiz Məmmədova Avropadan qeyri-adi təklif gəldi
27.06.2009 - 11:29
Hafiz Məmmədova Avropadan qeyri-adi təklif gəldi
Avropa Klublar Assosiasiyası (ECA) “Bakı”nın prezidenti Hafiz Məmmədova dəvət göndərib. Apasport.az-ın məlumatına görə, “Bakı”nın rəsmisi Nəriman Mehdiyev klubun rəsmi saytına açıqlamasında Məmmədovun qurumun sentyabrda İsveçrənin Cenevrə şəhərində keçiriləcək toplantısına dəvət edildiyini bildirib.

“ECA-da Azərbaycanda futbola olan diqqət və inkişafdan xəbərdardırlar. “Bakı”nı böyük klubların məclislərində görmək istəyirlər. Fəxrlə qeyd edək ki, ölkə futbolu tarixində ilk dəfə olaraq “Bakı”nın prezidenti Hafiz Məmmədov Avropa Klublar Assosiasiyasının 7-8 sentyabr tarixləri arasında Cenevrədə keçiriləcək Baş Assambleyasının toplantısına dəvət edilib" - deyə Mehdiyev vurğulayıb.

Onun sözlərinə görə, bu xəbəri ECA-nın işlər müdiri Diderik Devalye onlara çatdırıb: “Devalyenin “Bakı”nın bu mötəbər quruma üzvlüyünün təsdiq olunması barədə xəbəri bizi hədsiz dərəcədə sevindirdi. İndi “Bakı” “Milan”, “Barselona”, “Ayaks”, “Fənərbaxça”, “Zenit”, “Qalatasaray”, “Real”, “Şaxtyor”, “Barselona”, “Yuventus”, "Anderlext", "Mançester Yunayted", "Arsenal" kimi klublarla bir qurumda təmsil olunur. Etiraf edək ki, bu, sıradan bir hadisə deyil. Digər tərəfdən isə klubumuz və ölkəmizin təbliği üçün ən yüksək tribuna əldə etmiş oluruq”.

ECA-nın nüfuzu və çəkisini qeyd edən “Bakı”nın rəsmisi qurumun klubların və futbolçuların keşiyində durduğunu söyləyib: “Qlobal və transmilli futbol turnirlərinin təşkilində xüsusi sözə malik olan ECA uzun müddətli yarışların futbolçuların və klubların maraqlarına uyğunlaşdırılması standartlarının tətbiqini tələb edir. Bur sözlə, futbola sərmayə qoyaraq külli miqdarda vəsait sərf edən iş adamları qazanc naminə oyunların sayının artırılmamağı, zədəli futbolçuların reabilitasiyası, gəlirlərin ədalətli bölünməsi prinsiplərini qorumağa çalışırlar. ECA-nın məramı uşaq futboluna diqqət, idman prinsiplərinə sadiqlik, futbolun inkişafına xidmət edən marketinq siyasəti, oyunun hədsiz kommersiyalaşmasına şərait yaradan amillərin aradan qaldırılmasıdır”

Qeyd edək ki, Əvvəllər G-14 və Avropa Klublar Forumu kimi tanınan ECA 2008-ci ildə rəsmi şəkildə UEFA və FİFA tərəfindən tanınıb. Baş Assambleya 34 Avropa ölkəsinə aid 137 klubun birliyidir. “Bavariya” klubunu bu mötəbər təşkilatda təmsil edən Karl-Haynts Rummenige 2008-ci ildən Assosiasiyanın Baş Assambleyasının sədri, “Barselona”nın prezidenti Xuan Laporta onun birinci müavinidir. Sədr müavini postunda isə “Milan” klubunun rəsmisi Umberto Gandini çalışır. Peter Kenyon (“Çelsi”), Ernesto Paolillo (“İnter”), Fernando Qomeş (“Portu”), Jan Mişel Aulas (“Lion”), Ramon Kalderon (“Real”), Rik Perri (“Liverpul”) və digərləri idarə heyətinin üzvləridirlər.