5 milyon avroya “dovşan”
27.06.2009 - 12:13
5 milyon avroya “dovşan”
Tanınmış argentinalı hücumçu Xavyer Saviola Portuqaliyada çıxış edəcək. Apasport.az saytının məlumatına görə, Lissabonun “Benfika” klubu “dovşan” ləqəbli 28 yaşlı futbolçunu “Real”dan 5 milyon avroya alıb. “Kral klubu”nda daha çox ehtiyatda qalan Saviola “Benfika” ilə 3 illik müqavilə imzalayıb və gələn həftənin ilk günü tibbi müayinədən keçəcək.

Peşəkar karyerasına vətənində “River Pleyt” klubunda (86 oyun, 44 qol) başlayan Xavyer 2001-ci ildə Avropaya gələrək, “Barselona”nın (199 oyun, 49 qol) formasının geyinib. Ancaq bu komandanın da əsas heyətində möhkəmlənə bilməyən hücumçu iki dəfə - əvvəl “Monako”, sonra “Sevilya”ya icarəyə verilib.

“Barselona”nın əzəli rəqibi olan “Real”a 2007-ci ildə keçən Saviola orada da özünü sübut edə bilməyib. Futbolçu 2000-ci ildən çıxış etdiyi Argentina milli komandasına daha çağırılmır. Xavyer üçün “Benfika” Avropada nəhayət, öz sözünü demək baxımından son variant sayılır.

Qeyd edək ki, Saviola iki dəfə Argentina, bir dəfə İspaniya çempionu olub. 2006-cı ildə “Sevilya”nın heyətində UEFA kubokunu qazanan hücumçu bunadək 20 yaşlılar arasında dünya (2001) və olimpiya çempionu (2004) olub. Xavyer 1999-cu ildə Cənubi Amerikanın ən yaxşı futbolçusu seçilib.