Arşavin: Azərbaycanla oyundan sonra rüsvay olmuşduq
27.06.2009 - 12:26
Arşavin: Azərbaycanla oyundan sonra rüsvay olmuşduq
“Azərbaycan və Lixtenşteynlə oyunlardan sonra demək olar ki, Rusiya yığması rüsvay olmuşdu. Mən şadam ki, biz hamımız bu tənqidə düzgün yanaşdıq”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan milli komandasının 2010-cu il dünya çempionatının seçmə mərhələsindəki rəqibi Rusiya yığmasının futbolçusu Andrey Arşavin deyib.

Londonun “Arsenal” klubunun şərəfini qoruyan 27 yaşlı hücumçu martın 28-də Moskvada “Lujniki” stadionunda milli komandamızı 2:0 hesabı ilə məğlub etdikləri görüşdə 90 dəqiqə meydanda olub. Hazırda qrupda 2-ci yerdə gedən ruslar Cənubi Afrika Respublikasında keçiriləcək dünya çempionatına birbaşa düşmək üçün qrup qalibi olmalıdırlar. Bu baxımdan onlar Almaniya ilə mübarizə aparırlar.

Arşavin buna nail olmağın vacibliyini bildirib: “Dünya çempionatının final mərhələsində iştirak haqda danışmazdan öncə hələ ora düşmək lazımdır. Qrupda 2-ci yeri təmin etməyimiz barədə düşünmək lazım deyil. İkinci yer bu gün yalnız uğursuzluq kimi qiymətləndirilə bilər. Yalnız 1-ci pillə uğrunda mübarizə aparmaq lazımdır. Biz Finlandiya yığmasından güclüyük və bunu sübut etdik. Məqsədimiz hər oyunda nəticə qazanmaqdır. Nə tərifə, nə də söyüşə fikir vermişik. Eyni zamanda bu il hələlik vəzifəmizi yerinə yetirmişik. Ən əsası, baş məşqçimiz da onlara fikir vermir. Yalnız o qalıb ki, başladığımızı məntiqi sonluğa çatdıraq”.

Qeyd edək ki, Rusiya cari seçmə mərhələdə son oyununu oktyabrın 14-də Bakıda yığmamıza qarşı keçirəcək.