“Neftçi”nin maraqlandığı Qeysər Ələkbərzadə əslən azərbaycanlıdır
27.06.2009 - 13:50
“Neftçi”nin maraqlandığı Qeysər Ələkbərzadə əslən azərbaycanlıdır
“Neftçi”nin maraq dairəsinə düşən Qazaxıstanın “Qazaxmıs” klubunun hücumçusu Qeysər Ələkbərzadə əslən azərbaycanlıdır. Apasport.az saytının məlumatına görə, 25 yaşlı istedadlı futbolçu Qazaxıstan vətəndaşlığını daşısa da, onun valideynləri Azərbaycandandır.

1984-cü il dekabrın 2-də Jezkazqan şəhərində doğulub, boya-başa çatan Ələkbərzadə 1,77 metr boya, 74 kiloqram çəkiyə malikdir. Qeysər ötən il Qazaxıstanın “Şaxtyor” klubuna keçə bilərmiş. Ancaq bir müddət öncə “Xəzər-Lənkəran”ın baş məşqçi postuna namizəd olan gürcü mütəxəssis Revaz Dzodzuaşvili rəhbərlik etdiyi “Şaxtyor”a soydaşımızı götürməyib. Dzodzuaşvili futbolçunu əsas heyətdə oynadacağına söz verməyib. Qeysər isə “Şaxtyor”da ehtiyatda qalmaqdansa, “Qazaxmıs”ın heyətində birinci liqada çıxışını davam etdirərək, bombardirlik keyfiyyətlərini göstərməyi üstün tutub.

Karyerasını daha çox birinci liqada keçirən Qeysər “Qazaxmıs”ın futbolçusu qismində, Qazaxıstan Premyer Liqasının cari mövsümündə bombardirlər yarışında 2-ci pillədə qərarlaşıb. 12 oyunda 9 qol vuran Ələkbərzadə bu yarışda tanınmış həmkarı Andrey Tixonovu da qabaqlayıb. Moskvanın “Spartak” klubunda çıxışı ilə tanınan 39 yaşlı rus futbolçu cari mövsümdən Astana “Lokomotiv”ində oynayır, eyni zamanda kapitan sarğısını daşıyır. Klubunda analoji statusa malik Ələkbərzadə “Lokomotiv”lə matçda kapitan kimi görüşdüyü Tixonovun vurğunudur.

Həm yüksək sürətə malik olması, həm də başla yaxşı ilə oyunu seçilən Qeysər “Qazaxmıs”ın prezidenti Qalım İbrayevin böyük pərəstiş etdiyi futbolçudur. Hazırda onun klubunda ciddi maliyyə problemi olduğundan, bu, futbolçunun satışını zəruri edir. Ancaq İbrayev rəqiblərini gücləndirməmək üçün Ələkbərzadəni Qazaxıstan klublarına satmaq istəmir. Belə güman olunur ki, prezident soydaşımızı xarici kluba satacaq. Bu isə hücumçu axtarışında olan “Neftçi”nin işinə yarayır.

“Qazaxmıs”ın tarixində ən çox oyun keçirən (63) və ən çox qol vuran (53) Qeysərin “Neftçi”yə keçidi baş tutarsa, onun milli komandamıza düşmək şansı da çoxalacaq. Hər halda, hücumçu yığmamızın alman baş məşqçisi Berti Foqtsun diqqətini çəkə bilər. Ələkbərzadənin inamlı oyunu Qazaxıstan milli komandasında da müzakirələrə səbəb olub. Təsadüfi deyil ki, Qazaxıstan yığmasının baş məşqçisi Bernd Ştork Qeysəri 2010-cu il dünya çempionatının seçmə mərhələsi çərçivəsində qarşıdakı oyunlara çağırmaq fikrində olduğunu bildirib. Məlum olduğu kimi, futbolçu əsas yığmanın formasını geyinərsə, onun digər ölkənin milli komandasında çıxış etməsində problem yaranacaq.

Qeyd edək ki, Saptayev şəhərini təmsil edən “Qazaxmıs” hazırda Premyer Liqada 8-ci yeri tutur.
0