Pyerluici Kollina Qazaxıstanda hakimlik edəcək
27.06.2009 - 14:09
Pyerluici Kollina Qazaxıstanda hakimlik edəcək
Tanınmış beynəlxalq dərəcəli italyan hakim Pyerluici Kollina Qazaxıstanda idarəçilik edəcək. Apasport.az saytının məlumatına görə, 49 yaşlı veteran hakim iyulun 3-də paytaxt Astanaya gələcək. Kollina orada həm yeni stadionunun açılış mərasimində iştirak edəcək, həm də bu arenada “Lokomotiv” klubu ilə Qazaxıstanın gənclər yığması arasında keçiriləcək yoldaşlıq görüşündə hakimlik ədaləti qoruyacaq.

Bu futbol tədbirinin təşkilatı qrupunun rəhbəri Nail Nurov Kollinanın Qazaxıstana səfərə razılıq verməsinin təfərrüatlarını açıqlayıb: “Birincisi, Qazaxıstanda işləyən biznesmen dostlarımız ona Astanada gur inkişaf haqda dəfələrlə danışıblar. Nəticədə Kollina da şəhərimizə gəlmək haqda düşünüb. İkincisi də italyan hakim dünya üzrə məşhur opera müğənnisi Plaçido Dominqonun çılğın azarkeşidir. Dominqo da iyulun 5-də paytaxtımızda çıxış edəcək. Kollina onun konsertində iştirak etməyi çox istəyir”.

Kollina qazaxların ona təklif etdiyi yüksək qonorardan qəti imtina edib. Kollina təşkilatçıları əmin edib ki, ona avrokuboklarda idarəçilik edən hakimlər üçün nəzərdə tutulan qonorar da kifayətdir.

Qeyd edək ki, 1995-ci ildə FİFA referisi dərəcəsini alan Kollina 2005-ci ildə hakimlik karyerasını bitirib. O, hazırda İtaliya Futbol Federasiyasının Hakimlər Komitəsinin sədri vəzifəsində çalışır.
0