3:2 və 2:3
29.06.2009 - 09:39
3:2 və 2:3
Cənubi Afrika Respublikasında keçirilən Konfederasiyalar Kubokuna yekun vurulub. Apasport.az saytının məlumatına görə, Braziliya milli komandası ardıcıl ikinci, ümumilikdə isə üçüncü dəfə turnirin qalibi olub.

Həlledici görüşdə yarışın ən böyük sensasiyasına imza atmış ABŞ-la üz-üzə gələn sambaçılar qrup mərhələsində olduğu kimi yenə rəqibini üç qolla məğlub edib. Lakin Dunqanın yetirmələri bu dəfə qapılarının toxunulmazlığını saxlaya bilməyiblər. Fasiləyə 0:2 hesablı məğlubiyyətlə yollanan Braziliya yığması ikinci hissədə nəinki hesabı bərabərləşdirib, hətta qələbə topunu da vurub - 3:2. Komandasının ilk iki qoluna imza atan Luis Fabiano 5 qolla turnirin bombardirinə çevrilib və “Qızıl buts”a sahib çıxıb.

Bu matçdan əvvəl baş tutan üçüncü yer uğrunda görüşdə də eyni hesab qeydə alınıb. Lakin İspaniya yığması yalnız əlavə vaxtda meydan sahiblərini məğlub edib. Son Avropa çempionları da rəqibin hesabı açdığı oyunda əzmkar qələbə qazanmağı bacarıb.

III yer uğrunda oyun
İspaniya - CAR 3:2 (əlavə vaxtda)

Quiza, 88, 89, Xavi Alonso, 107 – Mfela, 73, 90

Final
ABŞ - Braziliya 2:3

Dempsi, 10, Donovan, 27 – Luis Fabiano, 47, 74; Lusio, 85