Mixaylo getdi, Malıgin gəldi
29.06.2009 - 10:05
Mixaylo getdi, Malıgin gəldi
“Simurq” klubunun yeni kapitanının adı məlum olub. Apasport.az saytının məlumatına görə, Mixaylo Starostyakın gedişindən sonra komandanı kapitan kimi meydana Aleksandr Malıgin çıxaracaq. 2007-ci ilin yayından sarı-qara formanı geyən 30 yaşlı müdafiəçi iki mövsüm ərzində "Simurq"un heyətində 51 oyun keçirib və 1 qol vurub ki, bu matçların 45-i Premyer Liqaya təsadüf edib.

Karyerasına doğulduğu Luqansk şəhərinin "Zarya" klubunda başlayan Malıgin 1999-cu ildə - 20 yaşı olarkən Rusiyanın "Rostov" komandasına transfer olunub. Ukrayna əsilli Rusiya vətəndaşı sonra "Terek" və "Ural"ın da şərəfini qoruyub. Ardınca "Rostov"a, sonra isə "Zarya"ya qayıdan Malıgin luqansklıların kapitan sarğısını da daşıyıb, rusiyalıların isə tarixinə düşüb. Belə ki, "Rostov" klubunun tarix ərzində avrokuboklarda ilk qolu vuran futbolçudur. Bu hadisə 1999-cu ildə "İntertoto" kubokunda "Rostov" - "Tsementarnitsa" (Makedoniya) oyununda baş verib.

Qeyd edək ki, "Simurq"a "İlyiçevets"dən transfer olunan müdafiəçi "Simurq"un tarixi ərzində 6-cı kapitandır. Ona qədər Samir Məmmədov, Elman Sultanov, İlqar Əbdürrəhmanov, Vyaçeslav Lıçkin və Mixaylo Starostyak zaqatalalıların kapitan sarğısını daşıyıb.