Konfederasiyalar Kubokunun ən yaxşı futbolçuları
29.06.2009 - 11:24
Konfederasiyalar Kubokunun ən yaxşı futbolçuları
FİFA Cənubi Afrika Respublikasında keçirilmiş Konfederasiyalar Kubokunun ən yaxşı futbolçusunu müəyyənləşdirib. Apasport.az saytının məlumatına görə, turnirin ən yaxşısı Braziliya yığmasının üzvü Kaka seçilib. 27 yaşlı yarımmüdafiəçiyə “Qızıl top” mükafatı verilib.

“Ən yaxşı futbolçu” nominasiyasında sonrakı yerləri Luis Fabiano (Braziliya) və Klint Dempsi (ABŞ) tutub. Onlara müvafiq olaraq, “Gümüş top” və “Bürünc top” təqdim olunub.

Fabiano, həmçinin 5 qolla turnirin bombardiri olub və “Qızıl buts”a sahib çıxıb. “Gümüş buts” və “Bürünc buts” isə ispan futbolçulara - Fernando Torres və David Vilyaya verilib. Onların hər ikisi rəqib qapılarından 3 top keçiriblər.

Yarışın ən yaxşı qapıçısı ABŞ milli komandasının üzvü Tim Hovard seçilib. Beş oyunda 9 qol buraxan və gümüş medala yiyələn qapıçı “Qızıl əlcək” mükafatına sahib çıxıb.

Bundan başqa, ədalət prinsiplərini qoruduğu üçün Braziliya yığması “Fair play” mükafatına layiq görülüb.