Daumun noutbukunu oğurladılar
29.06.2009 - 11:37
Daumun noutbukunu oğurladılar
“Fənərbaxça”nın yeni baş məşqçisi Kristof Daum İstanbula gələrkən qarət olunub. Apasport.az saytının məlumatına görə, almaniyalı çalışdırıcı xoşagəlməz hadisə ilə Düsseldorf şəhərində üzləşib.

Öz yüklərini - 18 çemodan və 5 qutunu miniavtobusa yükləyən Daum həyat yoldaşı, övladları və köməkçiləri ilə birgə Düsseldorf Hava Limanına yollanıb. Hava limanında yükləri boşaldarkən, içində noutbuk olan çantanın itdiyi məlum olub. Əl çantasının itməsindən xəbər tutan Daum əsəblərini cilovlaya bilməyib. O, ehtiyatsızlığa görə köməkçilərini danlayıb.

Hava limanına təcili polis çağırılıb. Almaniyalı mütəxəssis polislərə şikayət edib: “Çantamın içində barmaq izi ilə şifrələnmiş noutbukum var idi. Həm də oraya “Fənərbaxça”ya aid sənədlərimi qoymuşdum”.

Lakin axtarışlar nəticəsiz qalıb. Bu səbəbdən Daum İstanbula noutbuksuz və sənədlərsiz getməli olub. Ehtimallara əsasən, məşqçini onun keçmiş klubu “Köln”ün azarkeşləri qarət ediblər. Çünki Daumun “Fənərbaxça” ilə anlaşması “Köln” rəhbərliyi və fanatlarının qəzəbinə səbəb olmuşdu. Onlar çalışdırıcını “vətən xaini” adlandırmışdılar.