“Neftçi” legionerlərdən ikisini bəyənmədi, dördünü yenidən sınayacaq
29.06.2009 - 12:51
“Neftçi” legionerlərdən ikisini bəyənmədi, dördünü yenidən sınayacaq
“Baxışa gələn legionerlərdən heç biri ilə müqavilə bağlamamışıq. “Olimpik-Şüvəlan”la yoxlama oyununda şans verdiyim əcnəbi futbolçulardan dördünə bir daha baxmaq istərdim”. Bu fikirləri apasport.az saytına açıqlamasında Bakının “Neftçi” klubunun baş məşqçisi Böyükağa Ağayev deyib.

Yeni mövsümə hazırlıq çərçivəsində ilk yoxlama oyununda “Olimpik-Şüvəlan” klubunu 2:1 hesabı ilə məğlub edən Ağayev baxışa gələnlərdən ikisini bəyənməyib: “Bunlar çernoqoriyalı Vladimir Vuyoviçlə ukraynalı Ruslan Qunçakdır. Hər iki yarımmüdafiəçinin oyuna xoşuma gəlmədi və onlar bizə lazım olmadı. Ancaq litvalı qapıçı Paolos Qribauskas, “Olimpik-Şüvəlan”a qol vuran estoniyalı müdafiəçi Taavi Rahn, serbiyalılar - yarımmüdafiəçi Marko Corceviç və Boşko Stupiçə yenidən baxmaq istərdim. Boşko komandamıza baxışa gələn sonuncu futbolçudur. 25 yaşlı hücumçu Makedoniyanın yüksək liqasında çıxış edən “Sileks” klubundan gəlib. Bilirsiniz, futbolçuya bir oyunda baxıb, komandaya götürmək düzgün olmazdı. Baxışa gələn futbolçunu 2-3 oyunda sınaqdan keçirdikdən sonra onunla bağlı son qərar verilməlidir”.

62 yaşlı mütəxəssisin sözlərinə görə, həmin 4 futbolçu da artıq geri dönüb. Onların yolunu Türkiyədə gözləyən Ağayev qardaş ölkəyə təlim-məşq toplanışına iyulun 6-da yollanacaqlarını bildirib: “Qaxa hazırlıq prosesinə əvəzedici komandamız yollanacaq. Biz isə 6-da İzmit şəhərinin Kartəpə vilayətinə yollanacağıq. Həmin futbolçulara bir daha orada baxmaq istərdim. Ancaq onların öz klubları ilə müqaviləsi var. Problem də müqavilə ilə bağlı olmaqdadır. Klubları onları buraxsa, bir daha düşərgəmizə gələcəklər. İyulun 6-dan 20-dək ilk hazırlıq prosesində 3, 27-dən 8-dək ikinci hazırlıq prosesində 5 yoxlama oyunu keçirəcəyik. 20-də qısamüddətli Bakıya qayıdıb, yenidən Türkiyəyə yollanacağıq. Bizə bütün mövqelərə futbolçu lazımdır və ora baxışa gələnlər olacaq. Futbolçularımızın tibbi müayinəsinə başlamışıq və qardaş ölkəyə 28 futbolçu ilə yollanmağı planlaşdırmışıq”.

Qeyd edək ki, “Neftçi”nin mövsümlərarası fasilədə Ruslan Əmircanov və Asəf Qədirovla müqavilə bağlayıb. Yevlaxın “Karvan” klubunda icarə əsasında çıxış edən müdafiəçi Tural Nərimanov isə müqavilə ilə məxsus olduğu flaqmana qayıdıb.