Hacıyevski: “Ekranas”ı yaxşı tanıya bildik
29.06.2009 - 13:05
Hacıyevski: “Ekranas”ı yaxşı tanıya bildik
“Çempionlar Liqasında rəqibimiz olan “Ekranas”ın son oyununu izləyə bildik. Ancaq bunu mən yox, köməkçim Boşko Xristov edib”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Bakı” klubunun baş məşqçisi Qyoko Hacıyevski deyib.

Sloveniyanın Ptuj şəhərində təlim-məşq toplanışını davam etdirən komandanın makedoniyalı çalışdırıcısı Litvaya gedə bilməyib. Hacıyevski bunu hazırlıq prosesi, yoxlama oyunları ilə bağlayıb: “Buna görə də Litvaya köməkçimi göndərdim və o, bu gün geri qayıdacaq. Artıq rəqibi daha yaxşı tanıya bilmişik. Potensialına, səviyyəsinə yaxından bələd olmuşuq. Əslində, Litva kimi ölkənin çempionu zəif, pis komanda ola bilməz. Sadəcə, “Ekranas”ın oyununu görmək lazım idi və bunu etdik”.

Hacıyevski köməkçisi ilə geniş söhbət edəcək. “Bakı”nın çalışdırıcısı həmyerlisindən disk də alacaq: “Xristovla oyunlarımız olan iki disk göndərmişdik. O da “Ekranas”ın oyunları olan diski alıb, gətirir. Bu, rəqib haqda informasiyamızı daha da artıracaq. Buna baxıb, təhlil edəcəyik. Bilirsiniz, indi çox danışmaq lazım deyil. Sadəcə, rəqib haqda daha çox məlumat toplayıb, oyununu təhlil edib, yaxşı hazırlaşmalıyıq. Hesab edirəm ki, litvalılar gücümüzə görə rəqibdir və onu üstələmək şansımız yüksəkdir”.

Qeyd edək ki, “Bakı” “Ekranas”la ilk oyunu iyulun 14-də səfərdə keçirəcək.