“Xəzər-Lənkəran”a söz vermişəm ki...
29.06.2009 - 16:10
“Xəzər-Lənkəran”a söz vermişəm ki...
Türkiyəli FİFA agenti Rıza Ağacıkın apasport.az saytına eksklüziv müsahibəsi

- Transfer çalışmalarınızda Azərbaycanla bağlı işlərin olduğunu bilirik. Hazırda hansısa yenilik varmı?
- İndiyədək ilkin danışıqlar olub. Ancaq dəqiq bir şey yoxdur.

- Hansı klublarla danışığınız olub?
- Bunlar Bakı klubları – “Neftçi” və “Olimpik”dir.

- Konkret hansı futbolçularla bağlı?
- Sizə futbolçu adı deyə bilmərəm. Çünki dəqiq bir şey yoxdur.

- Bunlar türkiyəli futbolçulardır?
- Bəli.

- Klublarımızla sonrakı danışıqlar nə vaxta nəzərdə tutulub?
- Bununla bağlı bir şərh vermək istəməzdim. Çünki hələ dəqiq olmayan bir şey haqda danışmaq düzgün olmazdı. Gərək məsələ rəsmi müqavilə imzalanmasına gəlib çıxsın ki, bununla bağlı bir açıqlama verəsən.

- “Neftçi”də forma geyinən həmyerliləriniz Suat Usta və Əli Cansunla əməkdaşlıq edirsinizmi?
- Yox, həmin futbolçuların başqa meneceri var. Amma mən onları tanımıram.

- Bildiyimizə görə, “Xəzər-Lənkəran”ın bolqar hücumçusu İvan Svetkovun menecerisiniz...
- Bəli.

- Ötən mövsüm Azərbaycan çempionatının bombardiri olan Svetkovun “Xəzər-Lənkəran”la hələ bir illik müqaviləsi varmı?
- İvanla bağlı şərh verə bilmərəm. Çünki “Xəzər-Lənkəran”ın futbolçusudur. Bu məlumatları klubdan ala bilərsiniz.

- Hər halda, siz onun menecerisiniz və bunu təsdiqlədiniz. Bir müddət öncə yayılan məlumatlara görə, Svetkovun vətənində oynamaq variantı ortaya çıxıb və bolqarlar onu ələ keçirmək istəyirlər. Buna aydınlıq gətirməyiniz istərdik.
- Bilirsiniz, Svetkovla bağlı “Xəzər-Lənkəran” rəhbərliyinə söz verdim. Yəni, İvanla bağlı açıqlama verə bilmərəm. Yalnız klub rəsmisi bununla bağlı sizə açıqlama verə bilər.

- Qışda Svetkovun məsələsi ilə bağlı klubun sahibi Mübariz Mənsimovla İstanbulda görüşmüşdünüz. Bundan sonra da İvanla bağlı açıqlama vermək istəmirsiniz?
- Zatən Svetkov “Xəzər-Lənkəran”ın malıdır. Mənim onun meneceri kimi bir açıqlama vermək fikrim yoxdur.

- Bəs “Xəzər-Lənkəran”ın digər hücumçusu Əhməd Dursunla işbirliyiniz varmı?
- Yox. Mən Əhməd Dursunun meneceri deyiləm.

- Ümumiyyətlə, Azərbaycanda çıxış edən hansı futbolçuların menecerisiniz?
- “Xəzər-Lənkəran”da çıxış edən Devran Ayhanın, bu komandada oynamış, ötən mövsümün ikinci dövrəsini “Turan”da keçirmiş Muammer Ərdoğdunun meneceriyəm.

- Yeri gəlmişkən, “Turan”dan ayrılan bu futbolçunun gələcək taleyi necə olacaq?
- Bir neçə klubla danışığımız olub. Bəlkə onu Türkiyədə bir kluba verdim.

- Devranı “Xəzər-Lənkəran”a Rasim Kara gətirmişdi. Komandada yenidən baş məşqçi dəyişikliyi baş verib. O, komandada qalacaqmı?
- Devranın “Xəzər-Lənkəran”la müqaviləsi var. Bu sözləşməyə əsasən o, komandada çıxışını davam etdirir. Hər hansı problem yoxdur.

- Ancaq Devranla birgə ötən yay “Xəzər-Lənkəran”a gəlmiş Göksəl Akıncı getdi. Deyəsən, onun da meneceri sizsiniz...
- Göksəllə klub anlaşa bilmədi və buna görə yollarını ayırdılar.

- Yəni Akınçının “Xəzər-Lənkəran”la müqaviləsinin müddətə bitmişdi?
- Bəli.

- Azərbaycanlı futbolçuların Türkiyədə oynamasında vasitəçi ola bilərsinizmi? Misal üçün milli komandamızın kapitanı, “Kocaelispor”la müqaviləsi bitən Rəşad Sadıqovla əməkdaşlıq edə bilərsinizmi?
- Vallah, onunla danışmamışam. Rəşadın öz menecerləri var və onlar danışıqlar aparırlar.

- Ümumiyyətlə, Türkiyəyə oynamaq məqsədilə futbolçularımızdan kimisə aparmaq istərdinizmi?
- Azərbaycan milli komandasının yaxşı qapıçısı var. Fikrimcə, o, Türkiyədə oynaya bilər.

- Türkiyə yığması ilə bu ayn əvvəlində Kayseridə keçirilən yoldaşlıq görüşündə Semih Şəntürkün penalti zərbəsini dəf edən qapıçımız Fərhad Vəliyevi nəzərdə tutursunuz?
- Bəli. O, yaxşı qapıçıdır.

- Bu yoldaşlıq görüşündən sonra Vəliyevin Türkiyə Bank Asiya liqasında çıxış edən “Bucaspor” klubunun maraq dairəsinə düşdüyü deyilirdi. Bu haqda məlumatınız varmı?
- Yox. Onun neçə yaşı var?

- 29.
- Bank Asiya liqasında? Amma yox, orada azərbaycanlı futbolçunun çıxış etməsinə icazə verilir. İki oyunçunuz orada legioner sayılmır. Vallah, qapıçınızın Türkiyə variantı haqda bir şey bilmirəm. Belə bir şey deyilirdi, ancaq bu haqda dəqiq məlumatım yoxdur.

- Siz daha çox həmyerlilərinizlə çalışırsınız?
- Bəli. Ancaq Türkiyədə oynayan əcnəbi futbolçular da var.

- Bunlar kimlərdir?
- “Sivasspor”da oynayan qvineyalılar – Silla ilə Diallo, “İstanbul Böyükşəhər Bələdiyyəspor”da çıxış edən polşalı Marçin Kuns. Bunlar mənim futbolçularımdır. Bundan əlavə, yaxınlarda “Fənərbaxça”ya keçən Mehmet Topuzun da rəsmi meneceriyəm. Onun “Kayserispor”dan bu kluba mən gətirdim.