“Neftçi” klubunun imtina etdiyi futbolçu “Simurq”la anlaşdı
29.06.2009 - 16:26
“Neftçi” klubunun imtina etdiyi futbolçu “Simurq”la anlaşdı
Avropa Liqasında Azərbaycanı təmsil edəcək "Simurq" klubu daha bir futbolçunun transferini rəsmiləşdirib. Peşəkar Futbol Liqasının mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, zaqatalalılar ukraynalı Ruslan Qunçakla anlaşıb.

Ötən mövsümü Ukraynanın "Xarkov" klubunda keçirən 30 yaşlı dayaq yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb. Əsas heyətin oyunçusu olan Qunçak ötən mövsüm güclülər dəstəsini tərk edən komandasının 18 oyununda meydanda olub və komandasının 2 qoluna imza atıb.

Qeyd edək ki, bir müddət “Neftçi”nin düşərgəsində baxışda olan Qunçak bəyənilməyərək “Olimpik-Şüvəlan”la yoldaşlıq oyunundan sonra geri qaytarılmışdı. Ukraynalı futbolçu isə vətəninə deyil həmyerlisi Roman Pokoranın çalışdırdığı “Simurq”a üz tutub.