Mircavadov: Papiros çəkən, bara gedən futbolçu...
30.06.2009 - 11:06
Mircavadov: Papiros çəkən, bara gedən futbolçu...
“Xəzər-Lənkəran” klubunun baş məşqçisi Ağasəlim Mircavadov islahatlara başlayıb. Bu barədə apasport.az saytına açıqlama verən 62 yaşlı mütəxəssis bildirib ki, nizam-intizam məsələlərinə xüsusi diqqət yetirəcək.

İşlədiyi komandalarda “dəmir intizam” yaratmağa çalışan Mircavadov bütün futbolçularla fərdi söhbət edib: “Mənimlə çalışanlar bunu yaxşı bilirlər. Bizdə həmişə cərimələr toplusu olub. “Xəzər-Lənkəran”da forma geyinən futbolçuların çoxu ilə əvvəl işləsəm də, bəziləri ilə ilk dəfə çalışacağam. Bunlar əsasən legionerlərdir. Svetkovla da istirahətdən qayıdandan sonra söhbətləşdim və prinsiplərimizi ona demişəm”.

Mircavadov nizam-intizam məsələlərinə əməl etməyənləri cəza gözlədiklərini söyləyib: “Bunlar əsasən cərimələrlə bağlı olacaq. Hər bir yolverilməz hərəkətin cəriməsi var. Bura təkcə sarı, qırmızı vərəqə almaqla bağlı yox, papiros çəkmək, bara getmək və s. bu kimi şeylər daxildir. Nizam-intizama diqqət yetirmək ümumi işimizin uğurlu olmasına hesablanıb. Çünki komandanın uğurlu çıxışı, nəticə qazanmaq bundan çox asılıdır”.

Məşqçinin sözlərinə görə, futbolçular nizam-intizam məcəlləsi ilə tanış olmaq imkanına malik olublar: “Komandamızda legionerlərin olduğunu nəzərə alsaq, rus və ingilis dillərinə də tərcümə etdirmişik. Bolqar futbolçular rus dilini bildiklərindən onlar bu dildə oxuyurlar. Digər legionerlərimiz üçünsə ingilis dilinə tərcümə olunub”.