Yığmanın futbolçusunun itləri acından ölür
30.06.2009 - 11:14
Yığmanın futbolçusunun itləri acından ölür
Türkiyə milli komandasının və “Fənərbaxça”nın üzvü Kazım Kazım ev heyvanlarından məhrum ola bilər. Apasport.az saytının məlumatına görə, 23 yaşlı yarımmüdafiəçinin saxladığı itlər acından ölür. Bunun səbəbi isə odur ki, itlərə yemək verən tapılmır.

Kazım Türkiyə Superliqası başa çatdıqdan sonra villasını tərk edərək, istirahətə yollanıb. O, saxladığı 5 itə qulluq etməyi bağbana tapşırıb. Bağban 1-3 yaş arasında olan itləri cəmi bir həftə bəsləyib. Ancaq sonradan itlərin tədricən yavaş səs çıxarmaları, zingildədikləri qonşuların diqqətini çəkib.

Onlar bu işlə maraqlandıqda məlum olub ki, bağban 20 gündür villaya baş çəkmir. Buna görə də itlər aclıqdan, susuzluqdan ölmək üzrədirlər. İndi qonşular hasarın o biri tərəfindən ev heyvanlarına yemək atır, nərdivanla dırmaşıb, itlərə su verirlər. Onlar köpəklərin vəziyyətinin həddən artıq ağır olduğunu və bu gedişlə tezliklə acından öləcəklərini bildiriblər.