Rəşad Sadıqov “Qarabağ”a şərtlə gəldi
30.06.2009 - 12:32
Rəşad Sadıqov “Qarabağ”a şərtlə gəldi
Futbol üzrə Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqov “Qarabağ” klubunda oynayacaq. Apasport.az saytının məlumatına görə, 27 yaşlı müdafiəçi Ağdam təmsilçisinə Avroliqanın ikinci təsnifat mərhələsinin matçlarında yardım göstərəcək. Amma bir şərtlə. Rəşad ikinci təsnifat mərhələsinin start götürəcəyi iyulun 16-dək özünə yeni klub tapmayacağı təqdirdə, “Qarabağ”da çıxış edəcək.

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov özü mənə zəng vurdu və yardımçı olmağımı xahiş etdi. Hazırda bu komandaya mərkəz müdafiəçisi lazımdır. Çünki Aftandil Hacıyev son məşqlərin birində zədələnib” - deyə Sadıqov vurğulayıb.

O, sabah Türkiyənin Qızılcahamam qəsəbəsində təlim-məşq toplanışı keçən “Qarabağ”ın düşərgəsinə qoşulacaq.

Xatırladaq ki, ötən mövsümün ilk yarısında “Neftçi”, ikinci dövrəsində isə “Kocaelispor”da oynamış müdafiəçi son 1 ayda klubsuz qalıb.