Leandro, Fabiano və Omoni
30.06.2009 - 13:01
Leandro, Fabiano və Omoni
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünyanın ən məhsuldar futbolçularının siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, cədvəldə cari ilin ilk yarısı ərzində beynəlxalq oyunlarda ən azı 5 dəfə qol sevinci yaşayan oyunçular yer alıb.

Planetin yalnız 73 futbolçusu milli komandanın oyunları və qitə kuboklarında 5 qol həddinə çata bilib. Siyahıya uqandalı Brayan Omoni başçılıq edir ki, o da hər iki “cəbhə”də 6 qol vurub. Afrikalı ümumi sıralamadakı ən yaxın izləyicilərini 2 top qabaqlayır. Braziliyalı Leandro Montera da Silva isə çıxış etdiyi “Qamba Osaka”nın heyətində Asiya klub turnirlərində 10 dəfə fərqlənməklə, qitə kuboklarının rekordçusudur. Ən yaxşı yığma bombardiri isə Konfederasiyalar Kubokunun ən məhsuldar oyunçusu olan Luis Fabianodur. Braziliyalı bu il yığmada 8 qol vuraraq, ümumi siyahıda 7-ci yerdə qərarlaşıb.

Avropanın ən məhsuldar futbolçusu isə David Vilyadır. Bu il İspaniya yığmasının 7 qoluna imza atan hücumçu bu toplardan üçünü iyunun 9-da Bakıda keçirilən matçda Azərbaycanın qapısına vurub. Ümumi sıralamada 12-ci olan Davidin yığmadakı komanda yoldaşı Fernando Torres və İngiltərə millisinin üzvü Ueyn Runi 6 dəfə fərqlənib. Yığmada 5, “Mançester Yunayted”də 1 qol vuran Runi dünyada 17-ci, millidə 4, “Liverpul”da 2 dəfə rəqib qapısına yol tapan Fernando isə 18-cidir.

Avqustun 12-də Azərbaycan yığması ilə qarşılaşacaq Almaniya yığması siyahıda bir futbolçu ilə təmsil olunur. Milliləşən braziliyalı Mario Qomes 5 qolla (4-ü yığma, 1-i “Ştutqart”da) ümumi sıralamada 39-cu yerdədir.