Milli komandanın futbolçusu maşınla qadını vurub öldürdü
30.06.2009 - 15:09
Milli komandanın futbolçusu maşınla qadını vurub öldürdü
Cənubi Afrika Respublikası (CAR) milli komandasının futbolçusu Brays Mun haqqında cinayət işi açılıb. Apasport.az saytının məlumatına görə, Yunanıstanın “Panatinaikos” klubunda çıxış edən 23 yaşlı futbolçu adam öldürməkdə ittiham olunur.

Polisin verdiyi məlumata əsasən, Mun iyunun 29-da Konfederasiyalar Kubokunda final oyunundan sonra ziyafətdən öz “Mercedes”i ilə qayıdarkən qadın vurub. Bu, Yohannesburq şəhərinin 25 yaşlı sakini Mevis Nkubdur. Qəza nəticəsində qadın dünyasını dəyişib.

Munun qatıldığı ziyafəti CAR yığmasının kapitanı Aaron Mokoena təşkil edib. Şadyanalıqdan qayıdan futbolçu idarəetməni itirib. Qadını vuran Brays özü də baş nahiyəsindən xəsarət aldı. Klinikaya çatdırılan milli komandanın üzvünə tibbi yardım göstərilib. Maşınla vurulun qadını isə iki dövlət xəstəxanası qəbul etməyə razılaşmayıb. Onlar bunu müalicə üçün münasib şəraitin olmaması ilə əlaqələndiriblər. Bundan sonra Nkub onun həyatına son qoyan futbolçunun yerləşdiyi klinikaya göndərilib və elə orada da vəfat edib.

Mun isə artıq xəstəxanadan çıxarılıb və avtomobil qəzası nəticəsində adam ölümündə günahlandırılır. Onun qanından götürülən analizin nəticəsi hələlik bilinmir.

Qeyd edək ki, Mun CAR-da az öncə başa çatan Konfederasiyalar Kubokunda milli komandasının heyətində olsa da, meydana çıxmayıb. O, yığmada keçirdiyi 15 görüşdə 1 qol vurub.