AFFA qeydiyyata başladı
30.06.2009 - 16:46
AFFA qeydiyyata başladı
Dünya çempionatının seçmə mərhələsində Azərbaycan milli komandasının avqustun 12-də Almaniya, sentyabrın 5-də isə Finlandiyaya qarşı keçirəcəyi ev oyunlarına akkreditasiya almaq istəyən yerli və xarici KİV nümayəndələrinin qeydiyyatı başlanılıb. Apasport.az-ın AFFA-nın rəsmi İnternet saytına istinadən məlumatına görə, mətbuat işçiləri iyunun 29-dan iyulun 15-dək qeydiyyatdan keçməlidirlər.

Qeydiyyatdan keçmək istəyən yerli və xarici jurnalistlər ad, soyad, vəzifə və təmsil etdikləri KİV-in adını [email protected] ünvanına göndərməlidirlər. Akkreditasiya vəsiqələri yerlərin sayına uyğun olaraq bölünəcək və qeydiyyatdan keçməyənlərə akkreditasiya verilməyəcək. Müvafiq qaydada qeydiyyata alınmış KİV nümayəndələrinə akkreditasiya vəsiqələri iyulun 20-dən 24-dək AFFA-nın inzibati binasında İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamenti tərəfindən təqdim olunacaq.

Qeyd edək ki, yığmamızın oyunlarına İnternet vasitəsilə qeydiyyat ilk dəfə ötən ay keçirilib. Nəticədə iyunun 6-da Azərbaycan - Uels matçına 40-dan çox xarici KİV nümayəndəsi, həmçinin bir o qədər yerli jurnalist qatılıb. İyunun 9-da milli komandamızın İspaniya ilə yoldaşlıq görüşündə isə paytaxtımıza 60-a yaxın əcnəbi jurnalist gəlmişdi.