“Hələlik yığmada oynamaq fikrim yoxdu”
30.06.2009 - 23:09
“Hələlik yığmada oynamaq fikrim yoxdu”
Azərbaycan yığmasının və Çinin “Çanqçun Yatay” klubunun futbolçusu Branimir Subaşiçin apasport.az saytına müsahibəsi

- Milli komandada karyeranızı bitirməklə bağlı qərarınız qətidir?
- Qəti deyəndə ki, gələcəkdə çıxış etməyim mümkündür. Ancaq indi oynamaq istəmirəm.

- Niyə?
- Çünki komandaya kömək edə bilmirəm. Gələcəkdə yaxşı forma yığsam, yenidən forma heyinə bilərəm. Ancaq hələlik yığmada oynamamağı daha məqsədəuyğun sayıram. İndi nəsə oyunum alınmır. Mən belə oynaya bilmirəm. Görəndə ki, milliyə kömək etməyi bacarmıram, onda yığmaya gəlməyin nə mənası var?

- Belə çıxır ki, yığma karyeranıza birdəfəlik yox, bir müddətlik fasilə vermək qərarına gəlmisiniz?
- Ola bilsin ki, gələcəkdə yenə oynadım. Başa düşürsünüz, nə vaxt yığmaya kömək edə biləcəyimi görsəm, onda çıxış edəcəyəm.

- Bu barədə milli komandanın baş məşqçisi Berti Foqtsa, yaxud AFFA rəhbərliyinə məlumat vermisiniz?
- Yox. Hələ heç kimə deməmişəm.

- Ancaq futbolçunun bu haqda federasiyanı rəsmən məlumatlandırması lazımdır...
- Doğrudur. Mən də bunu rəsmən deyəcəyəm.

- Bu qərarı özün qəbul etdiniz, yoxsa kiminləsə məsləhətləşdiniz?
- Heç kimlə məsləhətləşməmişəm. Əslində, bunu çoxdan qəbul etmək istəyirdim. Həmişə Azərbaycan yığmasına böyük sevinclə gəlmişəm. Ancaq indi özünəinam hiss etmirəm. Görürəm ki, kömək etməyə gücüm yoxdur. Belə olan halda, qoy gənclər oynasınlar. Bu, belə oldu, o, elə oldu – belə şeylər eşidə bilmirəm. Bezmişəm artıq. Milli komandaya gələcəkdə uğurlar arzulayıram.

- Əgər Çində yox, Azərbaycan klubunda oynasaydınız, belə qərar qəbul edərdinizmi?
- Bunun fərqi yoxdur. Yəni, Azərbaycanda da oynasaydım, belə qərar qəbul edərdim.

- Xatırlayırsınızsa qışda “Srvena Zvezda”da oynayan da yığmadan getdiyiniz haqda xəbər yayılmışdı. Ancaq sonradan elə bizimlə söhbətdə bəyan etdiniz ki, bu, doğru deyil və Serbiya mətbuatında fikirləriniz təhrif olunub...
- Yaxşı yadımdadır. Doğrudan da həmin vaxt düzgün yazılmamışdı. Azərbaycanda çıxış etməklə bağlı vaxtında qərar qəbul etmişəm və seçimimə görə peşman deyiləm. Elə fikirləşməyin ki, indi başqa ölkədə oynayıram, ona görə belə edirəm, yığmaya gəlmək istəmirəm. Yox, belə deyil. Azərbaycan mənə çox şey verib. Mən də oynayanda hər matçda meydanda var gücümü qoymuşam. Sadəcə, indi bilmirəm... Mən bu məşqçi ilə özümü hazır saymıram.

- Foqtsla probleminiz nədir? Niyə onun komandasında oyununuz alınmır?
- Nə bilim, alınmır da. Görürsünüz ki, çoxdandır qol vurmuruq. Foqtsun dövründə tamamilə başqa futbol oynayırıq. Daha çox müdafiə olunuruq. Bu, mənə uyğun gəlmir. Mən belə oyun üslubuna uyğun gəlmirəm. Bundansa, qəbul etdiyim qərar düzgündür.

- Yəni Foqtsla şəxsi münaqişəniz yoxdur...
- Əlbəttə, hər hansı münaqişədən söhbət gedə bilməz. Sadəcə, belə olmasını daha məqsədəuyğun saydım. Mən Foqtsun bu taktikasına uyğun gəlmirəm.

- Həqiqətən də milli komandamız çoxdandır rəsmi oyunda qol vurmur. Bu zaman daha çox siz hücumçuları günahlandırırlar. Elə Foqts da qol vurmamağımızın səbəbini hücumçulardan soruşmağı məsləhət görür. Sizcə, niyə 2 ildir qol vura bilmirik?
- Niyə 2 il ki?

- Sonuncu rəsmi qolu 2007-ci ilin noyabrında Finlandiya yığması ilə səfər oyununda Mahmud Qurbanov vurub. Yeri gəlmişkən, Helsinkidə həmin görüşdə siz də iştirak etmisiniz...
- Hə, yadımdadır. Bəs bu oyundan sonra nə oldu? Yeni baş məşqçi gəldi və qol vura bilmirik.

- Foqts artıq 15 aydır milli komandanı çalışdırır.
- Nə bilim? Başa düşürsünüz, mən bu taktikaya hazır deyiləm. Artıq buna dözə bilmirəm.

- Bəlkə Foqts daha çox fiziki hazırlığa diqqət yetirir, futbolçuları çox “yükləyir” və nəticədə meydanda ləng görünürsünüz?
- Bunu özünüz müzakirə edin. Foqtsla söhbətləşin, ondan soruşun. Mən bu haqda ümumiyyətlə, danışmaq istəmirəm.

- Foqts Almaniya ilə oyuna hazırlıq məqsədilə İsveçrənin Sürix şəhərində və Bakıda keçirəcəyi təlim-məşq toplanışı ilə heyəti açıqlayıb. Həmin siyahıda yer almayacağınızı gözləyirdiniz?
- Onun heyətlə bağlı hansı qərar qəbul etməsi vacib deyil. Qoy kimi çağırıbsa, onlar da oynasın. Dediyim kimi, yığmaya uğurlar arzulayıram. İnanın mənə, bunu səmimi deyirəm. Azərbaycana salamlarımı çatdırıram. Azərbaycan pasportum var, milli komandanın futbolçusuyam. Sadəcə, indi oynamamağım daha düz olar. Bilirsiniz, mən onun futbolundan yorulmuşam. İstəyirəm ki, yaxşı hazırlaşım.

- Ancaq onu da nəzərə almaq lazımdır ki, Foqts sizi yığmadan birdəfəlik kənarda qoymayıb. Yəni, ehtiyat oyunçular arasında yer almısınız...
- Nə ehtiyat oyunçular? Mən orada olmayacağam. Qərarımı qəbul etmişəm, vəssalam.

- Fərz edək ki, Foqts ilin sonunda, cari seçmə mərhələnin sonunda müqaviləsi bitdiyi üçün yığmadan getdi və yeni baş məşqçi gəldi. Bəs onda yenidən milli komandada oynamaq istərdinizmi?
- İndi bunu dəqiq deyə bilmərəm. Amma fikrimcə, gələcəkdə mümkündür.