Branislav Çervenka: Bakıda gün bizi bişirəcək - MÜSAHİBƏ
30.06.2009 - 23:16
Branislav Çervenka: Bakıda gün bizi bişirəcək - MÜSAHİBƏ
Avropa Liqasının birinci təsnifat mərhələsində Bakının “İnter” klubunun rəqibi olan Slovakiyanın “Spartak” komandası iyulun 2-də keçiriləcək ilk oyuna proqram hazırlayıb. Apasport.az saytının məlumatına görə, oyun öncəsi stadionda satılacaq və yarım avro dəyərində olan buraxılışda “Spartak” – “İnter” matçı ilə maraqlı məqamlar və yazılar əks olunub. Mikulaş Roznakın redaktoru olduğu proqramda “İnter”in çexiyalı yarımmüdafiəçisi Bronislav Çervenkanın da müsahibəsi yer alıb.

- Özünüz çexiyalısınız və komandanız Slovakiya təmsilçisi ilə qarşılaşır. Bu sizdə hansı hisslər oyadır?
- Əlbəttə ki, püşkün nəticələrini biləndə çox sevindim. Axı mənə yaxın mühitdə oynamaq çox xoşdur. Slovakiya, Trnava evimizə çox yaxındır. Ailəmiz də qısa məsafəni qət edib matçı izləməyə gələcək. Bütün bunlar isə müsbət hisslər oyadır.

- “İnter”in düşərgəsində də püşk sevinclə qarşılandı?
- Belə deməzdim. Lakin daha güclü rəqiblə də düşə bilərdik. İndi yaxşı legionerlərimiz olduğundan, “Spartak”ı udmaq iqtidarındayıq. Əks halda, Slovakiyanın üçüncü dəstə təmsilçisi ilə oynaya bilərdik.

- Maraqlıdır, onlara “Spartak”ı necə qələmə verdiniz?
- Dedim ki, “Spartak” tanınmış Slovakiya klubudur. Və öz oyunlarını əla ot örtüyünə malik stadionda keçirir. Bu arenanın özü isə əla mənzərədə yerləşir. Hətta bilirəm ki, Tranavanın tarixi hissəsində at sürmək üçün də ideal yerlər var.

- “Spartak”ın oyunçularını tanıyırsınızmı?
- Lukaş Doşek ilə Çexiya Liqasında rəqib olmuşuq. Həmyerlilərimdən Klunko və Drobko isə artıq “Spartak”ı tərk edib. Yozef Mayoros, Kinder, Spilar, qapıçılar Şuşko və Rjeşotu şəxsən tanıyıram. Onlar vaxtilə çıxış etdiyim klubda oynayıblar.

- Azərbaycanda Slovakiya futbolu haqda nə bilirlər?
- Azərbaycandakı insanlar bilirlər ki, Çexiya və Slovakiya bir dövlət olub və futbolda böyük uğur qazanıb. Konkret oyunçulara gəlincə, çexiyalıları daha yaxşı tanıyırlar. Xüsusilə də Nedved və Peter Çexi.

- Komandanızın Türkiyə toplanışını necə dəyərləndirirsiniz?
- Antalyada aşağı dəstə təmsilçiləri ilə üç oyun keçirdik. Belə rəqiblərlə qarşılaşdığımızdan, qələbələrimiz haqqında geniş danışmaq düzgün olmaz.

- Yayda heyətinizdə dəyişikliklər çox olub?
- Komandadan 8 legioner getdi ki, onların yerinə yeniləri gəlməlidir. Fikrimcə, oyunumuzdakı dinamika itib. Komandamızı ötən il çempion edən Valentin Xodukin də bu il ikinci yeri tutduqdan sonra vəzifəsindən ayrılıb. Bu yaxınlarda onun 70 yaşı olacaq. Onu komandanı yaxşı tanıyan gürcüstanlı Kaxaber Sxadadze əvəzləyib. O, bizim hücum futbolu oynamağımızı tələb edir. Hazırda 12 legionerimiz var.

- Üstəlik ötən il “VİT-Corciya”nın heyətində Trnava stadionunda qəhrəmanlıqlar edən David Lomayanın böyük qardaşı Georgi də “İnter”ə keçib...
- Georgi bizə yeni qoşulsa da, onunla söhbətləşib tanış olmuşuq. O, Gürcüstan və Rusiyada oynadığı vaxt özünə nüfuz qazana bilib.

- “İnter”in güclü tərəfi nədir?
- Ötən mövsüm cəmi bir oyunda uduzduq. Sonda çempion titulumuzu qorumaq üçün bir xalımız çatmadı. Biz əsasən etibarlı müdafiə olunub kəskin əks hücumlar edirdik. Belə oynamaq ürəyimizcə deyildi. Çempionatın bombardiri uruqvaylı Valter Quqlemonun 17 qolu da işimizə yaradı.

- Azərbaycanda stadionlara tamaşaçı çox gəlir?
- “İnter”in matçlarına təxminən 2 min adam gəlir. Güclü rəqiblə oynayanda isə bu 6 minə çatırdı. Süni örtüklü stadionumuz 10 min tamaşaçı tutumuna malikdir. Trnavalılarla “Neftçi”nin oynadığı Respublika stadionunda görüşəcəyik. İyul ayı olduğundan, günəş də bizi bişirəcək.

- “İnter”ə necə gedib çıxdınız?
- Moldovalı agentim sayəsində. 2007-ci ilin yayında “Jlin”lə müqaviləni artırmaq barədə müzakirələr apardığım vaxt bu variant ortaya çıxdı. Mən də baxışdan keçib müqavilə bağladım. Azərbaycanda əsasən bir illik müqavilələr bağlandığından, mən də artıq iki dəfə anlaşmamı bir illik uzatmışam.

- Futbolçular “13” nömrəni daşımağı sevmir. Siz isə...
- Karyeram boyu bu nömrəni daşımışam. Bu mənə xoşbəxtlik gətirir. “İnter”də də bu nömrəni seçdim.