Branimir Subaşiç: Kim deyir ki, Azərbaycanda oynamaq istəmirəm?
30.06.2009 - 18:06
Branimir Subaşiç: Kim deyir ki, Azərbaycanda oynamaq istəmirəm?
“Çin çempionatında qol hesabımı açdığım üçün çox sevindim. Burda tamam başqa futbol oynayırlar”. Bu fikirləri apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının hücumçusu Branimir Subaşiç deyib.

Bu ilin martından Çinin “Çanqçun Yatay” klubunda forma geyinən 27 yaşlı serbiyalı futbolçu qol hesabını 10 oyundan sonra aça bildi. Ancaq Subaşiçin “Dalyan Hayçanq”la səfər görüşündə etdiyi dubl fayda verməyib və sonradan üç qol vuran rəqib əzmkar qələbə (3:2) qazanıb: “Çin futbolunda əsas xoşuma gələn cəhət odur ki, hücum futbolu oynayırlar. Yəni, hücumçulara daha çox üstünlük verirlər. Ancaq bununla belə, mənə burada çox çətindir. Bu da uyğunlaşma ilə bağlıdır. Artıq altı aya yaxındır Çindəyəm, demək olar mövsümün yarısı keçib. Ancaq uyğunlaşma ilə bağlı problemləri dəf etmək çətindir. Şəxsən mənim üçün bura adaptasiya olmaq müşküldür”.

Branimir əsas problemlərdən biri kimi qidalanmanı göstərib: “Çin mətbəxindən istifadə edə bilmirəm. Ona görə də şəhərdə Avropa mətbəxi olan restoranlar axtarmalı, ora getməli oluram. Bunu hər gün etmək lazım gəlir. Təsəvvür edin ki, hər gün restoranda yemək məqsədilə avtomobillə ora-bura gəzməli oluram. Buna da 2-3 saat vaxtım gedir. Başa düşürsünüz, hər gün bunu etməyə məcburam və bu da çox ağırdır”.

Artıq gələcək karyerası haqda fikirləşən hücumçu müqavilə ilə Belqradın “Srvena Zvezda” klubuna məxsusdur. Subaşiç üç il “Neftçi”də oynadıqdan sonra keçən yay vətəninə qayıtmağa üstünlük verdi: “Srvena Zvezda” məni Çin klubuna icarəyə verib. “Çanqçun Yatay”la hələ noyabra kimi müqaviləm var. Müqaviləmin maliyyə şərtlərindən narazılığım yoxdur. Bu baxımdan hər şey qaydasındadır. Anlaşmanın maliyyə şərtləri yaxşıdır, maddi baxımdan sərfəlidir. Buna görə də bilmirəm, necə olacaq. Ancaq istənilən halda, Çindən getmək istəyirəm. Çünki uzaq ölkədə yaşamaq mənim həyatım deyil. İndi ən optimal, yaxşı variantı axtarırıq”.

Subaşiç Çində qazancının Azərbaycandan çox olduğunu gizlətməyib: “Bu, həqiqətən də belədir. Amma məbləğin müqayisədə böyük olub-olmadığını deyə bilmərəm. Hər halda, fərq var. Ancaq Çində aylıq məvacibimi açıqlaya bilmirəm. Çində Azərbaycan futbolu haqda heç nə danışmırlar. Yalnız onu bilirlər ki, mən Azərbaycan milli komandasında oynayıram, vəssalam”.

Azərbaycana qayıtmağı arzulayan Subaşiç klublarımızdan dəvət gözləyir: “Kim deyir ki, Azərbaycanda oynamaq istəmirəm? Ancaq indi bu haqda dəqiq bir şey demək çətindir. “Neftçi”də Qurban Qurbanovun rəhbərliyi altında oynamışam. Ancaq nə bu komandaya qayıtmaq, nə də Qurbanovun indi çalışdırdığı “Qarabağ”a keçmək variantı olmayıb. Ümumiyyətlə, karyeramı bir daha Azərbaycanda davam etdirmək təklifi almamışam. İndiyədək Azərbaycanla yanaşı, vətənimdə, Rusiya və Ukrayna da çıxış etsəm də, bu ölkələrdən hansınasa qayıdacağımı deyə bilmərəm. Hələ bu haqda danışmaq tezdir”.