15 yaşlı “casus” “Qarabağ” haqda “Rusenborq”a məlumatlar verib
01.07.2009 - 10:03
15 yaşlı “casus” “Qarabağ” haqda “Rusenborq”a məlumatlar verib
İyunun 22-də UEFA-nın mənzil-qərargahı Nyonda keçirilmiş avrokubokların püşkatma mərasimində maraqlı məqamlar yaşanıb. Apasport.az saytının məlumatına görə, tədbirdə “Qarabağ”ı “Bakı”nın vitse-prezidenti Zeynal Məmmədov təmsil edib. Ağdam təmsilçisinin potensial rəqibi “Rusenborq” (Norveç) rəsmiləri ilə danışıqları isə “Bakı”nın sabiq vitse-prezidenti Nail Əliyevin 15 yaşlı oğlu Əli Əliyev aparıb.

Əli norveçlilərə "Qarabağ" barədə geniş məlumat verib. Atası Nail Əliyevin dediyinə görə, skandinaviyalılar Ağdam komandasının durumu ilə yaxından maraqlanıblar: "Onlar "Qarabağ"ın təmsil etdiyi şəhərin harada yerləşdiyini soruşdular. Biləndə ki, Ağdam ermənilər tərəfindən işğal olunub və "Qarabağ" ev oyunlarını Bakıda keçirir, çox təəccübləndilər. İnanmırdılar ki, Avropaya çıxan komanda yurdundan-yuvasından uzaq düşüb. Əli ermənilərin torpaqlarımızı işğal etməsi, Dağlıq Qarabağ münaqişəsi, qaçqınlar, məcburi köçkünlər və futbolumuz barədə "Rusenborq" rəhbərliyinə geniş məlumat verdi".

Daha bir maraqlı fakt. "Çağ Öyrətim" liseyinin yetirməsi olan Əli püşkatma mərasiminə qatılan ən gənc nümayəndə kimi tarixə düşüb.