“İnter”in ikinci, “Simurq”un birinci cəhdi: Hansı “qardaş” sevinəcək?
01.07.2009 - 11:26
“İnter”in ikinci, “Simurq”un birinci cəhdi: Hansı “qardaş” sevinəcək?
Sabah Azərbaycan komandaları qitə miqyaslı yarışlara qatılacaq. Apasport.az saytının məlumatına görə, Premyer Liqanın gümüş və bürünc mükafatçıları olan və “qardaş komandalar” kimi tanınan “İnter”lə (Bakı) “Simurq” (Zaqatala) Avropa Liqasının birinci təsnifat mərhələsində mübarizəyə başlayacaq.

Məlum olduğu kimi, ötən həftə atılan püşkdə bakılıların bəxtinə “Spartak” düşüb ki, 3 il əvvəl “Karvan” bu komandanı dayandırıb UEFA kubokunda mərhələ adlayan ilk komandamız olmuşdu. Yevlax təmsilçisi həmin vaxt hər iki oyunda rəqibini 1:0 hesabı ilə məğlub etmişdi və bu, 1994-cü ildən iştirakçısı olduğumuz UEFA kubokunda yeganə uğurumuzdur. Artıq UEFA kuboku tarixə düşüb və həmin turnir yeni mövsümdən Avropa Liqası adlanır. İntertoto kuboku isə daha keçirilmədiyindən, “Simurq” da bu yarışda oynamaq hüququ qazanıb. Zaqatalalıların rəqibi İsrail çempionatında sonuncu mövsümü 5-ci yerdə başa vuran “Bney Yehuda”dır.

“İnter” ikinci dəfə qitə miqyaslı turnirdə çıxış edəcəyi halda, “Simurq” debütantdır və debütünü Bakıda edəcək. Çünki “Simurq”un ev oyunlarını keçirdiyi Zaqatala stadionu UEFA tərəfindən qəbul olunmayıb. “İnter” isə “Şəfa” stadionunu uzun müddətə icarəyə götürsə də, meydançanın ot örtüyü dəyişdirilməsi problem yaradıb. Yəni, təbii ot süni örtüklə əvəz olunduğundan beynəlxalq oyunların keçirilməsi üçün FİFA-dan icazə alınmalıdır. Bu səbəbdən “İnter” və “Simurq”, eləcə də avrokuboklarda digər təmsilçilərimiz “Bakı” ilə “Qarabağ” da rəqibləri Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edəcək.

Ötən il avrokuboklarda debüt edən “İnter” ilk sınaqda mərhələ adlamağı bacarmışdı. Bakılılar Çempionlar Liqasında “Rabotniçki” (Makedoniya) ilə görüşdə (0:0 və 1:1) səfərdə vurulan qol sayəsində ikinci tura yüksəlmişdilər. Burada “Partizan”la (Serbiya) oynayan (1:1 və 0:2) komandamız yarışda mübarizəni dayandırmalı oldu. Həmin vaxt baş məşqçi olan Valentin Xodukin bir müddət öncə postunu gürcü Kaxaber Sxadadzeyə verdi. 41 yaşlı mütəxəssis bir il Bakının “Standard” klubunu çalışdırdıqdan sonra vətəninə dönmüşdü. Yarım illik fasilədən sonra ölkəmizə qayıdan Sxadadze “İnter”in sükanı arxasında avrokuboklarda debüt edəcək. Yeni komandasını hazırlaşdırmaq üçün bir aydan da az vaxtı olan gürcü məşqçi belə çətin vəziyyətdə nəyə qadir olduğunu nümayiş etdirəcək.

61 yaşlı Pokora isə “Simurq”u artıq 4-cü ildir çalışdırır. Komandaya güclülər dəstəsində çıxış etdiyi üç ildə məhz bu mütəxəssisin rəhbərlik edir.

Avroliqa, birinci təsnifat mərhələsi, ilk oyunlar
2 iyul


20:00. “Simurq” (Azərbaycan) – “Bney Yehuda” (İsrail)
Hakimlər:
Riçard Truts, Marian Ruzbarski, Vlastislay Laskovski, Yozef Pavlik (hamısı Slovakiya)
Hakim-inspektor: Oğuz Sarvan (Türkiyə)
UEFA nümayəndəsi: David Delfelyer (Belçika)

22:00. “Spartak” (Slovakiya) - “İnter” (Azərbaycan)
Hakimlər:
Viktor Şvetsov, İqor Bıtskalo, Mikola Levko, Yuri Mojaroviç (hamısı Ukrayna)
Hakim-inspektor: Şandor Piller (Macarıstan)
UEFA nümayəndəsi: Qaetano Deqabriele (Malta)
0