“Bakı” “Ankaragücü” və “Diyarbəkirspor”la mübarizəyə girişdi
01.07.2009 - 14:22
“Bakı” “Ankaragücü” və “Diyarbəkirspor”la mübarizəyə girişdi
“Braziliyalı hücumçu Jabanın komandamıza keçidi gündəmdə qalır. Sadəcə, onun başqa müştəriləri də çıxıb ki, bu da transferin baş tutmasına problem yarada bilər”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Bakı” klubunun vitse-prezidenti Tunc Afşar deyib.

Türkiyə Superliqasında “Ankaragücü”də forma geyinən 28 yaşlı braziliyalı hücumçu hələ bu ilin qışından Bakının eyniadlı komandasının maraq dairəsinə düşüb. Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək paytaxt təmsilçisi hazırda sərbəst futbolçu olan Jabanın transferində israrlıdır. Afşarın fikrincə, bunun üçün komandamız Türkiyə klubları ilə transfer mübarizəsindən qalib ayrılmalıdır: “Jabanı “Ankaragücü” saxlamaq, “Diyarbəkirspor” isə heyətində görmək istəyir. Menecerinin belə deməsi, heç də qiymət artımı ilə bağlı deyil. 28 yaşlı Jaba artıq xeyli müddətdir Türkiyə Superliqasında oynayır, məhsuldar hücumçudur. Onun səviyyəli legioner olmasına şübhəm yoxdur. Sadəcə, braziliyalı futbolçu Türkiyə ilə Azərbaycan arasında seçim edəndə, neçə vaxtdır çıxış etdiyi ölkəyə üstünlük verir. Hər halda, Türkiyədə olduğum müddətdə Serjio Paşeko de Oliveyra ilə yanaşı, Jabanın da transferinin həlli ilə məşğul olacağam”.

Qeyd edək ki, “Bakı” Jaba ilə Serjionu transfer edəcəyi halda, braziliyalı futbolçularının sayını 5-ə çatdıracaq. Komandanın yeni transferlərindən olan müdafiəçi Barbosa bu ölkəni təmsil edir. Hücumçu Vilyam Roşa Batista ilə yarımmüdafiəçi Fabio Luis Ramim də braziliyalıdır. Sonuncu milliləşərək, yığmamızda çıxış edir.
0