“Kocaelispor”la müqavilə bağlamağa gedirəm”
01.07.2009 - 15:36
“Kocaelispor”la müqavilə bağlamağa gedirəm”
Müqavilə ilə “Bakı” klubuna məxsus Ramal Hüseynov karyerasını harada davam etdirəcəyini müəyyənləşdirib. Bu haqda apasport.az saytına məlumat verən 25 yaşlı yarımmüdafiəçi bildirib ki, yenidən Türkiyədə “Kocaelispor” komandasının şərəfini qoruyacaq.

“Klubun rəhbərliyi ilə söhbətimiz oldu. İlkin danışıqlar nəticəsində məsələni razılaşdırmışıq. “Kocaelispor” yolumu gözləyir. Gələn həftənin ilk günündə İzmitə yollanacağam” – deyə Hüseynov vurğulayıb.

“Bakı” rəhbərliyi də Hüseynovun qardaş ölkəyə gedişinə problem yaratmır. Ancaq futbolçunun sözlərinə görə, yenidən icarəyə verilməsi gündəmdə deyil: “Klubun vitse-prezidenti Zeynal Məmmədovla görüşdüm. Sağ olsunlar ki, müqaviləyə görə mənə problem yaratmırlar. Hətta azad agent statusu verilməsi də mümkündür. Gələcəkdə Türkiyədən qayıdıb, yenidən vətəndə oynasam, ancaq “Bakı”nın formasını geyinəcəyəm”.

Məlum olduğu kimi, “Kocaelispor” Superliqada yerini qoruya bilmədiyindən Bank Asiya Liqasında mübarizə aparacaq. Bununla belə, Ramal yenə bu komandada oynamağa üstünlük verib: “Hər halda, Türkiyənin birinci liqasının səviyyəsi bizim çempionatdan yüksək olar. Orada perspektiv, inkişaf baxımdan daha yaxşı imkanlar var. Üstəlik, “Kocaelispor”da məni yaxşı tanıyırlar, qalmağımı istəyirlər. Sərkan Gürkanın yenidən klubun prezidenti seçilməyi yaxşı oldu. Onun vaxtında “Kocaelispor”a transfer olundum. Ən azı 1 illik müqavilə imzalayacağam. Hətta anlaşmanın şərtləri sərfəli olarsa, 2 illik müqavilə bağlaya bilərəm. “Kocaelispor” mənə əvvəlki borclarını da ödəməlidir”.

Qeyd edək ki, ötəm mövsüm “Kocaelispor”da yalnız son turda meydana çıxan Ramal Hüseynov “Hacettepe”ni böyük hesabla məğlub etdikləri görüşdə (4:0) hesabı açıb.