“Qarabağ” “Rusenborq”dan zəif deyil?
01.07.2009 - 15:45
“Qarabağ” “Rusenborq”dan zəif deyil?
“Hal-hazırda “Rusenborq”la oyuna köklənmişik. Norveçdə çempionatın qızğın vaxtıdır. Bizim isə oyuna hazırlaşmaq üçün 2 həftə vaxtımız var”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Qarabağ”ın futbolçusu Ayxan Abbasov klubun rəsmi saytına açıqlamasında deyib.

Artıq üçüncü mövsümdür Ağdam təmsilçisində oynayan 28 yaşlı futbolçu Avroliqada ikinci təsnifat mərhələsində “Rusenborq” kimi güclü klubu keçə biləcəklərinə inanır. Ayxan özlərini norveçlilərdən zəif saymır: “Rəqibi oyuna qədər iki həftə müddətində yaxşı təhlil edə biləcəyik. Düşünmürəm ki, heç də norveçlilərdən zəifik. Potensialımızı ortaya qoya bilsək, mərhələni keçə bilərik. İndi gənc komandamız var. “Qarabağ” həmişə “qaçan” komanda olub. Ötən mövsüm daha yaşlılarla o qədər qaçdıqsa, indi gənclərlə daha çox “tərləməli” olacağıq. Təbii ki, “Rusenborq”a qarşı bu silahımızdan istifadə etməliyik”.

Abbasov milli çempionatda hədəflərinin böyüdüyünü bildirib: “Bu il mütləq medalçılar sırasında olmalıyıq. Belə danışmağım komandaya olan inamdan irəli gəlir”.

Qeyd edək ki, ötən mövsüm Premyer Liqada 5-ci yeri tutan “Qarabağ” Azərbaycan kubokuna sahib çıxdı.
0