Karol Peçe: “İnter”lə oyunda qol buraxmadan qələbə qazanmalıyıq!
01.07.2009 - 16:00
Karol Peçe: “İnter”lə oyunda qol buraxmadan qələbə qazanmalıyıq!
“Sabah qarşılaşacağımız “İnter” naməlum rəqib sayılır. Amma bunu mənə şamil etmək olmaz”. Apasport.az saytının məlumatına görə, bu sözləri Slovakiyanın “Spartak” klubunun baş məşqçisi Karol Peçe deyib.

Avropa Liqasının ilkin təsnifat mərhələsində Bakının “İnter” komandası ilə qarşılaşacaq Trnava təmsilçisinin çalışdırıcısı sabah baş tutacaq ilk oyun ərəfəsində mətbuat konfransı keçirib. Tədbir zamanı Peçe bakılılar haqda məlumatsız olmadığını bildirib: “Bilirəm ki, rəqibimiz ötən mövsüm “Bakı” ilə çempionluq uğrunda mübarizə aparıb. Sonda isə cəmi bir xal fərqi ilə geri qalıb. Bir sözlə, tanınan Azərbaycan klubları yaxşı maliyyələşir. Bu da ölkəyə gələn legionerlərin səviyyəsində əks olunur. “İnter”də 15 əcnəbi oynayır. Onlar müxtəlif ölkələri təmsil edir. Hətta çexiyalı Branislav Çervenka da oradadır. Bu çox millətli komanda hətta güclü rəqibini də sıradan çıxara bilər”.

Peçe yeni mövsümün hazırlıqlarından da danışıb: “İnter”lə qarşılaşma ilə başlayan mövsümün hazırlıqları qısa müddətli oldu. Komandamız qısa istirahətdən sonra iyunun 10-da hazırlıqlara başladı. Bir neçə yeni oyunçumuz var. Elə sıralarımızı tərk edənlər də oldu. Üç həftə ərzində bütün futbolçularımızı iş başında görmək istəyirdik. Təəssüf ki, yeniləri bakılılarla matçlara sifariş edə bilmədik. Onlardan yalnız birini siyahıya əlavə etmək imkanımız var”.

Dörd il əvvəl “Jilina”nın baş məşqçisi kimi UEFA kubokunda digər Azərbaycan təmsilçisi “Bakı” ilə qarşılaşan Peçe Trnavada qələbə iddiasında olduğunu açıqlayıb: “O vaxt səfərdə 0:1 hesabı ilə uduzmuşduq. Öz meydanımızda isə çətinliklə də olsa qənaətbəxş nəticə - 3:1 hesablı qələbə əldə etdik. İnanmıram ki, bu dəfə ondan asan olacaq. Buna görə də bütün azarkeşlərimizi stadiona bizi dəstəkləməyə çağırıram. Biz öz meydanımızda qalib gəlməliyik. Özü də qol buraxmadan”.
0