“Rəşad Sadıqovu gətirməklə, Avroliqaya necə ciddi yanaşdığımızı göstərdik”
01.07.2009 - 17:32
“Rəşad Sadıqovu gətirməklə, Avroliqaya necə ciddi yanaşdığımızı göstərdik”
Yeni mövsümə Türkiyədə hazırlaşan Ağdamın “Qarabağ” klubu düşərgəsinə daha iki futbolçunu qatıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandasının klubsuz qalan kapitanı Rəşad Sadıqov ağdamlıların düşərgəsinə qoşulub.

27 yaşlı müdafiəçi “Qarabağ”a Avropa Liqasında “Rusenborq” (Norveç) - “NSİ Runavik” (Farer adaları) cütünün qalib ilə görüşlərdə kömək edəcək. Belə ki, komandanın son müdafiəçisi Aftandil Hacıyev zədəli olduğundan, onun yerinə Sadıqova dəvət göndərilib.

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov klubun rəsmi İnternet saytına açıqlamasında bu addımı məcburiyyət üzündən atdığını bildirib: “Aftandilin zədələnməsi planlarımızı pozdu. Düzdür, Hacıyevi əvəz edən futbolçularımız var. Amma Rəşad Azərbaycanın yetişdirdiyi ən istedadlı futbolçulardandır. Niyə də bu şansdan istifadə etməyək? Rəşadı gətirməklə, Avroliqaya necə ciddi yanaşdığımızı göstərdik. Sadıqovun bu turnirdə bizə kömək edəcəyinə inanırıq”

Ağdamlıların gerçəkləşdirdiyi digər transfer isə yeni fiziki koordinatorla bağlıdır. Mehmet Akın gedişindən sonra boş qalan bu postu yenə türkiyəli, vaxtilə “Trabzonspor”da işləmiş Fatih Kavlak tutub. 1974-cü il təvəllüdlü Kavlak komandanın fiziki koordinatoru olub.
0