Rəsmi açıqlama: Tuyqun Nadirov Lənkəran komandasında 155 oyuna 18 qol vurubmuş
01.07.2009 - 17:39
Rəsmi açıqlama: Tuyqun Nadirov Lənkəran komandasında 155 oyuna 18 qol vurubmuş
“Xəzər-Lənkəran” rəhbərliyi Rəşad Abdullayevin “Neftçi” klubuna keçidi ilə bağlı xəbərlərə rəsmi münasibət bildirib. Apasport.az saytının məlumatına görə, cənub təmsilçisinin vitse-prezident köməkçisi Tuyqun Nadirov keçidin hələ baş tutmadığını bəyan edib.

Komandanın rəsmi İnternet saytına açıqlama verən Nadirov məsələnin yaxın günlərdə həlini tapacağını da gizlətməyib: “Rəşadın “Neftçi”ylə danışdığını bilirik və buna heç bir etirazımız yoxdur. Lakin hələlik Rəşadın transfer vərəqəsi bizdədir və o, “Xəzər Lənkəran”ın oyunçusu sayılır. “Neftçi” ilə biz də danışıq aparırıq. Futbolçunun transfer qiyməti ilə bağlı razılıq əldə olunan kimi, Rəşad “Neftçi”yə keçə bilər. Rəşad ilk günlərdən bizimlə idi. Onun komanda qarşısında böyük xidmətləri var və məhz bu məqamı göz önünə alaraq, onun karyerasını Bakıda – ailəsinin yanında davam etdirmək istəyini anlayışla qarşılayırıq. Kifayət qədər səviyyəli oyunçu olduğundan, Rəşadı itirmək istəməzdik. Lakin artıq bir müddət öncədən Abdullayevin komandadan ayrılmaq ehtimalı yarandığından onun mövqeyinə oyunçu axtarışına başlamışdıq. Hesab edirəm ki, Rəşadın komandadakı yerini doldura biləcək futbolçu tapacağıq”.

Maraqlıdır ki, “Xəzər-Lənkəran”ın rəsmi saytı Nadirovu yeni ampluada təqdim edib. Vaxtilə vitse-prezident və baş direktor, indi isə vitse-prezident köməkçisi olan Nadirov futbolçu kimi qələmə verilib. Daha doğrusu lənkəranlıların heyətində ən çox matç keçirən Rəşad Abdullayevlə Nadirovu səhv salıblar: “Tuyqun Nadirov eyni zamanda “Xəzər Lənkəran”ın heyətində ən çox oyun (155 oyun/18 qol) keçirən futbolçu kimi də tarixə düşüb”.
0