Roman Pokora: Avropa kuboklarında etibarlı nəticə olmur
01.07.2009 - 18:26
Roman Pokora: Avropa kuboklarında etibarlı nəticə olmur
“Rəqiblə müqayisədə yeni mövsümün hazırlıqlarına daha tez başlamışdıq. Bu, Avropa Liqasının oyunu ərəfəsində cüzi də olsa, üstünlükdür”. Apasport.az saytının məlumatına görə, bu sözləri Zaqatalanın “Simurq” klubunun baş məşqçisi Roman Pokora deyib.

Ukraynalı mütəxəssis Avropa Liqasının birinci təsnifat mərhələsinin “Bney Yehuda” ilə sabah keçiriləcək ilk matç ərəfəsində mətbuat konfransı keçirib. Pokora Gürcüstanda keçirilən təlim-məşq toplanışının da faydasından danışıb: “Xeyrimizə olan daha bir məqam isə yoldaşlıq oyunlarında qarşılaşdığımız rəqiblərin oyun üslubudur. Çünki bildiyimə görə, “Bney Yehuda” oyun planında gürcüstanlı komandalara çox yaxındır. Düzdür, Avropa Liqasının oyunlarında bu üslub da şərti xarakter daşıyır. Axı evdə oynadığımızdan hücuma meylli də oynaya bilərik”.

Pokora sözlərinə görə, Bakıda qənaətbəxş nəticənin əldə olunmasını mümkün saymır. Çünki belə bir nəticə də yoxdur: “Avropa kuboklarında etibarlı nəticə yoxdur. Ona görə ki, hər şey iki matçın ümumi nəticəsindən asılıdır. Özü də israillilər öz meydanlarında çox yaxşı oynayırlar. Biz isə ilk görüşü Zaqatalada deyil, Bakıda oynamalı olacağıq. Çox istərdim ki, görüş doğma azarkeşlərimiz önündə olsun. Amma paytaxtda oynamalı olduq. Düzdür, klub rəhbərliyi 7-8 avtobus tamaşaçının Bakıya gələcəyini təşkil edəcək. Mən isə bakılıların da bizi dəstəkləyəcəyinə ümid edirəm”.

Pokora artıq müəyyənləşdirdiyi start heyətini açıqlamaq istəməyib: “Özüm üçün ilk “11-liy”i müəyyən etmişəm. Lakin hələ bir məşqimiz var. Və bir neçə mövqedə dəyişikliyin olması istisna deyil. Lakin mən ilkin heyəti açıqlamaq istəmirəm. Ona görə yox ki, qorxuram. Sadəcə, digər futbolçuların ruhdan düşməsini istəmirəm”.
0