“Xəzər-Lənkəran” baxışa 6 legioner çağırdı
02.07.2009 - 10:22
“Xəzər-Lənkəran” baxışa 6 legioner çağırdı
Türkiyədə təlim-məşq toplantısında olan “Xəzər-Lənkəran” klubuna baxışa 6 legioner gəlib. Apasport.az saytının məlumatına görə, bunlar serbiyalı Predraq Vuyoviç (“Napredak”, Serbiya), sloveniyalı Miroslav Sviyanovic (“Primorye”, Sloveniya), çexiyalı Tomas İneman (“Slovaçko”, Slovakiya), belaruslu Aleksandr Şaqoyko (“Krivbass”, Ukrayna), bosniyalı Damir Tosunovic (“Sloboda Tuzla”, Bosniya və Herseqovina) və argentinalı David İsmael Kordobadır (CAİ, Argentina).

Belarusun BATE klubunun slovakiyalı müdafiəçisi İvan Peça isə düşərgəyə sabah gələcək. Baş məşqçi Ağasəlim Mircavadov seleksiya prosesi zamanı ilk növbədə komandanın orta yaşını aşağı salmaq haqda düşündüklərini bildirib. Məhz bu səbəbdən də baxışa gələn yeni futbolçuların əksəriyyəti 24-26 yaşlılardır. Mircavadov toplanışın sonuna kimi yeni mövsüm üçün komandanın özəyini qurmaq fikrindədir.

Bolu şəhərində hazırlıq keçən “Xəzər-Lənkəran” ilk yoxlama oyununu iyunun 5-də “Kasımpaşa”ya qarşı keçirəcək. Bu komanda müəyyən fasilədən sonra Türkiyə Superliqasına qayıdıb. Gündə iki dəfə olmaqla məşqlərini davam etdirən “Xəzər-Lənkəran” hazırlığa artıq türkiyəli Fatih Sonkaya da qoşulub. Boluda olmayanlar yalnız iki braziliyalı futbolçu – Mario Souza və Dieqo Qusmaodur ki, onlar da komandanın sıralarına gələn həftə qoşulacaqlar.